Boksçularımız Fərman Salmanovun xatirə turnirində

Noyabrın 24-də Rusiyanın Surqut şəhərində neft ixrac edən ölkələrin boks üzrə dünya kuboku start götürəcək. Azərbaycan Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, həmyerlimiz - Sibirdə ilk dəfə neftin olmasını kəşf edən Fərman Salmanovun xatirəsinə həsr ediləcək yarışda ölkəmiz həm kişilərdən, həm də qadınlardan ibarət komanda ilə təmsil olunacaq. Məşqçilər korpusu bu dəfə daha çox ehtiyat qüvvəni yoxlamağı qərara alıb. Bununla belə, heyətə bir sıra təcrübəli idmançılar da daxil edilib. Kişilərin turnirində 10 boksçumuz iştirak edəcək. 56 kq çəki dərəcəsində iki idmançımız – Məhəmməd Abdulhəmidov və Dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov mübarizə aparacaq. Bundan başqa, heyətə London Olimpiadasına WSB liqasından vəsiqə qazanan Soltan Migitinov, eləcə də bu il gənclər arasında Avropa çempionu olmuş Pərviz Bağırov da daxil edilib.
Qadınların yarışında ölkəmizi 3 boksçu – Ayzinət Hacıyeva (60 kq), Yelena Vıstropova (75 kq), və Leyla Cavadova (81 kq) təmsil edəcək.
Kişilərdən ibarət yığma komandamızın heyəti: Cavid Çələbiyev (52 kq), Məhəmməd Abdulhəmidov, Samir Məmmədov (56 kq), Nurlan Məmmədov (60 kq), Pərviz Bağırov (64 kq), Ramal Amanov (69 kq), Soltan Migitinov (75 kq), Fərid Ağayev (75 kq), Abdulqadir Abdullayev (91 kq), İlqar Allahverdiyev (91+kq).
Noyabrın 27-ə kimi davam edəcək yarışda Rusiya, Qazaxıstan, Serbiya, Belarus, Ukrayna, Moldova, Ermənistan və Xantı-Mansiysk vilayətinin yığma komandaları artıq iştiraklarını təsdiqləyiblər.

Xəbər 1326 dəfə oxundu.