“AtaHoldinq” ilk beynəlxalq yoldaşlıq görüşünü keçirdi

“AtaHoldinq” ASC, futbol üzrə ilk beynəlxalq yoldaşlıq görüşünü Şərqi Avropada və Rusiya neft-kimya sənayesinin lideri olan “Sibur Holdinq”lə keçirib. Bu şirkətdən idman.com.az saytına verilən məlumata görə, “Excelsior Hotel Baku” mehmanxanasının futbol meydançasında 2 holdinqin komandaları arasında baş tutmuş mini-futbol matçı heç-heə bitib - 5: 5.
Oyunun sonunda komandalara kuboklar və hədiyyələr təqdim olunub. Rusiya komandasına kuboku “AtaHoldinq” ASC-nin İdarə Heyətinin sədr müavini Adıgözəl Ağayev, Azərbaycan komandasına isə “AtaBank” ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayev təqdim etdilər.
“AtaHoldinq” ASC-nin İdarə heyətinin sədri Fərid Əsədov keçirilmiş yoldaşılq görüşünü belə şərh edib: “Rusiyanın “Sibur Holdinq” şirkətinin eyniadlı komandası ilə keçirdiyimiz mini-futbol oyunu bizim ilk beynəlxalq yoldaşlıq görüşümüz idi. Bundan sonra “AtaHoldinq” komandası ayrı-ayrı ölkələrin qabaqcıl şirkətlərinin komandaları ilə belə görüşləri davam etdirmək niyyətindədir. Məqsədimiz yoldaşlıq oyunları zamanı qazanılan dostluğu sonradan biznes sahəsində davam etdirməkdir. Digər tərəfdən bu tədbirlər ölkəmizin və holdinqimizin dünyada daha da tanıdılmasına, imiclərinin artırılmasına xidmət edir”.
“Sibur Holdinq”in baş direktoru Dmitriy Konov oyun barədə deyib: “Azərbaycanın qabaqcıl holdinqinin komandası ilə oynamaq bizim üçün çox xoş idi. Yoldaşlıq görüşü bizim Azərbaycandakı dostlarımızın sayını xeyli çoxaltdı. Komandanın oyunçuları işlərində olduğu kimi, oyunda da peşəkarlıq nümayiş etdirdilər. Həm də Azərbaycan, onun paytaxtı Bakı ilə yaxından tanış olduq, milli iqtisadiyyatda yüksəliş və yeni çoxlu sayda maraqlı layihələrin həyata keçirildiyini müşahidə etdik. Mən gələcəkdə dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid edirəm”.

Xəbər 1135 dəfə oxundu.