Nizami Paşayev: “Əsas məqsədə nail olduq”

Noyabrın 5-dən 13-dək Parisdə keçirilmiş ağır atletilka üzrə lisenziya xarakterli dünya çempionatında iştirak etmiş Azərbaycan idmançıları dünən axşam vətənə qayıdıblar. Komandanın məşqçisi Nizami Paşayev “İdman”qəzetinə və www.idman.com.az saytına müsahibəsində idmançılarımızın çıxışı və komandamızın nəticəsi barədə danışıb.

- Əsas məqsəd lisenziya qazanmaq idi və buna da nail olduq: 5 lisenziya qazandıq. İdmançılarımızdan kim nəyə qadir idisə onu da etdi. Lakin Sərdar Həsənov və İntiqam Zairov bundan da cox xal verə bilərdilər.
İntiqam birdən qaldırmada sifariş verdiyi 182 kq-ı (177 kq qaldırıb) birdən, və 221 kq (215 kq qaldırıb) təkanla qaldira bilsəydi, ümumi 402 kq nəticə ilə (392 qaldırıb) medal da qazana bilərdi.

- Sözsüz ki, bu çempionat daha gərgin keçdi.

- Əlbəttə, son üç ilin ən gərgin dünya çempionatı Parisdə oldu. Təsəvvür edin bizim idmançımız İntiqam Zairov ötən il Antalyada keçirilmiş mundialda birdən qaldırmada 175, təkanla 211 kq nəticə ilə 8-ci ollmuşdusa, bu dəfə müvafiq olaraq 177+215 kq nəticə ilə 9-cu ola bildi.
Bir cox aparıcı dövlətlərin ümid bəslədikləri bəzi idmançılar “sıfır” nəticə göstərərdilər və komandalarına xal verə bilmədilər. Amma sevindirici haldır ki, bizdə belə problem yaranmadı və uşaqlar möhkəm iradə nümayiş etdirərək komanda üçün var qüvvələrini sərf etdilər.

- Bəs qızların nəticəsi barədə nə demək olar?

- Qızlar bu dəfə 3 nəfərə 59 xal qazandılar ki, bu da pis nəticə deyil. Hətta Parisdə lisenziya qazanan bir çox ölkələri qabaqladılar. Təsəvvür edin 2 lisenziya qazanan ABŞ qadın komandası bu dəfə 4 nəfərə cəmi 50 xal qazandı, halbuki bizim qızlar 3 nəfərə 59 xal topladılar. Təəssüf ki, ötənilki çempionatda cəmi bir nəfərlə 7 xal qazanmağımız bu il bizə baha başa gəldi. Əgər bu nəticəni ötən il də göstərmək olsaydı onda qızlarımız da 2 lisenziya qazana bilərdilər. Amma hələ də şansımız var. Gələn il Antalyada keçiriləcək Avropa çempionatında komanda hesabında yüksək nəticə göstərə bilsək onda, qızlarımız da bir lisenziya qazana bilərlər. Hazırda ən güclü rəqiblərin Londona vəsiqəsi olduğu üçün Antalyada bu məqsədə catmaq hec də cətin olmamalıdır.
Amma qadın komandamızın hazırda 4-cü idmançıya ehtiyacı var. Buna görə heyəti əlavə 1 legionerlə gücləndirməliyik ki, daha cox xal qazana bilək.

- Ehtiyat kadrların hazırlığı qənaətbəxşdirmi?

- Hazırda yeniyetmələrimizin böyük perspektvi var. Onlar bir neçə ildən sonra böyüklərin yarışında ölkəmizi uğurla təmsil edə biləcəklər. Builki qitə çempionatında uğurlu çıxış edərək 2 qızıl və 2 bürünc medal qazanmaları da bunu deməyə əsas verir.

- Komandamız Londonda 5 idmançı ilə mübarizə aparacaq. Olimpiadaya hazırlıq prosesi necə aparılacaq?

- Yanvarın 5-dən təlim-məşq toplanışı başlayır. İdmançıların bəzisi bunun davamı olaraq islam oyunlarında, bəziləri isə Antalyada dünya çempionatında çıxış edəcəklər.
Ümümiyyətlə, gələn ilin əvvəlindən başlanan hazırlıq prosesimiz, iyuladək, yəni Olimpiya Oyunlarınadək davam edəcək.
Hazırlıq üçün həm dövlət, həm də federasiya tərəfindən hər bir şərait yaradılıb. Fürsətdən istifadə edərək, komandamıza göstərilən qayğıya görə, Gənclər və İdman Nazirliyinin, eləcə də, Ağır Atletika Federasiyasının rəhbərliklərinə, idmançılar və məşqçilər adından minnətdarlığımızı bildirirəm.

Xəbər 1516 dəfə oxundu.