Ağır atletlərimiz Londona 5 lisenziya qazandılar
Bu gün Parisdə ağırlıqqaldırma üzrə dünya çempionatına yekun vurulub. Lisenziya xarakterli yarışda Azərbaycan idmançılarının çıxışını uğurlu saymaq olar. Komandamız bir bürünc medaldan başqa əsas məqsədinə də çatıb. 162 xal toplayan komanda hesabında 12-ci yeri tutaraq normativlərə uyğun olaraq 5 lisenziya qazanan 6 ölkə sırasına daxil ola bilib. Qeyd edək ki, beynəlxalq Ağır Atletika Federasiyasının qaydalarına əsasən son iki ilin dünya çempionatının ümumu nəticəsinə əsasən ilk 6-lığa daxil olan ölkələr 6, 7-12-ci yerlər 5, 13-18-ci yerlər 4, 19-24-cü yerlər isə 3 lisenziya qazanırlar.

Bundan əvvəlki dünya çempionatında 69 xal qazanmış komandamız bu dəfə daha uğurlu nəticə göstərərək 93 xal qazanıb və ümumilikdə 162 xalla dünya London olimpiadası üçün dünya təsnifatında 12-ci olub.

Bu da komandamızın 5 lisenziya normasını yerinə yetirməsi deməkdir. Bütün ölkələr üzrə lisenziyaların sayı isə beynəlxalq federasiyanın yekun cədvəli təsdiq etməsindən sonra dəqiqləşəcək.

Qadınların təsnifatında isə komandamız 66 xalla 30-cu yerdə qərarlaşıb. Bu isə ölkəmizə qadınlar arasında lisenziya qazandırmır. Lakin xanım idmançılarımız bu hüququ gələn ilk keçiriləcək qitə çempionatında qazana bilərlər. Mütəxəssislər həmin yarışda Londona vəsiqə əldə etmək imkanlarını yüksək qiymətləndirirlər.

Xəbər 1355 dəfə oxundu.