Runi: "Bavariya" səddini keçə bilərik"
"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində qarşılaşacaqları "Bavariya" ilə görüş haqda danışıb.

İngilis futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında "Bavariya" səddini keçəcəklərinə inandığını bildirib:

"Bavariya" ilə oyunda qələbə qazanmaq gücündəyik. Buna inanmaq lazımdır. Son oyunda bunun şahidi olduq. Hər kəsin turnirdə bir favoriti var. Kimisi "Barselona", kimisi də "Bavariya" deyir. Ancaq bəzən turniri başqaları da qazanır. Məsələn, "Çelsi"ni misal çəkə bilərəm. Biz də daha çox irəliləyəcəyimizə inanırıq. Yaxşı futbolçularımız var. Düzdür, "Bavariya"nı keçmək elə də asan deyil. Bu oyuna yaxşı hazırlaşmalıyıq. Məncə, "Barselona" və "Bavariya" turnirin iki güclü komandasıdır.

Qeyd edək ki, "Bavariya" - "Mançester Yunayted" matçı aprelin 9-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 808 dəfə oxundu.