Avropa çempionatının sonuncu günü Azərbaycan güləşçiləri iki medal qazanıblar
Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatmışdır.

Çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparmışlar. Güləşçilərimiz çempionatın sonuncu günündə 1 gümüş və 1 bürünc medal qazanmışlar.

Güləşçimiz Rəsul Çunayev (71 kq) səkkizdəbir finalda latviyalı Sergey Mironovu, növbəti mərhələdə türkiyəli Yunus Özeli üstələmişdir. Yarımfinalda Ukrayna təmsilçisi Armen Vardanyanı məğlub edən R.Çunayev finala yüksəlmişdir. Finalda güləşçimiz macarıstanlı Tamas Lorinczə uduzmuş və gümüş medalla kifayətlənmişdir.

Çempionatda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev səkkizdəbir finalda Aleksandr Çekirkinə (Rusiya) uduzmuşdur. Ancaq rəqib finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılmaq şansı əldə etmişdir. İdmançımız əvvəlcə Polşa təmsilçisi Mateus Lukas Volni ilə qarşılaşmışdır. Gərgin keçən qarşılaşma güləşçimizin üstünlüyü ilə başa çatmışdır. Bürünc medal uğrunda görüşdə E.Mürsəliyev macarıstanlı Laszlo Szabonu məğlub etmiş və çempionatı üçüncü pillədə başa vurmuşdur.

Xəbər 824 dəfə oxundu.