Valentin Xristov: 1000-ci dünya rekorduna sahib olacağımı fikirləşmirdim
Parisdə davam edən ağır atletika üzrə lisenziya xarakterli dünya çempionatının ilk günü komandamıza bürünc medal bəxş edən Valentin Xristov və məşqçisi Zlatan Vanev yarışla bağlı təəssüratlarını www.idman.com.az saytına bildiriblər.
Xatırladaq ki, 56 kq çəki dərəcəsinin ən gənc iştirakçısı olan idmançımız birdən qaldırmada 122 kq, təkanla qaldırmada isə 154 kq çəkini ram edərək dünya çempionatının bürünc medalına sahib çıxıb.

- İlk olaraq səni və məşqçini qazandığın medal münasibətilə təbrik edirik.

V.Xristov: Çox saq olun. Bu mənim rəsmi yarışlarda ən böyük uğurumdur. Sevinirəm ki, ən yüksək nəticəmi dünya çempionatında qazandım və Azərbaycan yığmasına lisenziya xalları qazandıra bildim.

Z.Vanev: Ağır atletika adı kimi özü də çox ağır idman növüdür. Burada qısa bir fasilə idmançının itməsi deməkdir. Yetirməm olduğu üçün demirəm, Valentin çox yaxşı idmançıdır. Yaşı da azdır, hələ 17 yaşı var. İki il yarım yarışlardan kənar qalıb. Böyük yarışlara yenicə başlayır. Əsas hədəfimiz onu böyük və nüfuzlu yarışlara hazırlaya bilməkdir. Ən azı iki olimpiadada öz sözünü deyə bilər. İnanıram ki, öz çəkisində dünyanın ən güclü atleti olacaq.

- Yarış zamanı diqqəti çəkən məqamlardan biri də o idi ki, Avropa ölkələrindən yalnız Azərbaycan idmançısı var idi. Bu da sənin öz çəkində Avropanın ən güclüsü olduğunu göstərir.

V.Xristov: London olimpiadasına 8 ay vaxt qalıb. Komandaya kömək edə bildiyim üçün şadam. Hazırda komandamızın lisenziya şansları çoxdur. İnanıram ki, bu tempdə davam etsə, London Olimpiadasında da medallar uğrunda mübarizə aparmaq olar.

Z.Vanev: Bəli. Bu doğurdan da belədir. Yarışdan sonra bir çoxları bizə sevinclərini ifadə edərək bildirdilər ki, nəhayət bu çəkidə Avropanın da güçlü idmançısı var.

- 1000-ci dünya rekordunu Azərbaycan idmançısının qazanması sənin medalını daha da dəyərli edir.

Z.Vanev: Valentin 154 kq çəkini təkanla qaldırmaqla biri dünya, altısı Avropa olmaqla 7 rekordu təzələdi. 1000-ci dünya rekordunun sahibi olduğu üçün “Eleiko” firmasının əvvəlcədən elan etdiyi və qiyməti 3300 avro olan ştanq hədiyyə verildi.

V.Xristov: Çəki sifariş edəndə son anda bir az risk etdim və şükürlər olsun ki, təkanla qaldırmada 154 kq ağırlığı ram edə bildim. Amma həmin an qaldıracağım ağırlığın dünya rekordu ola biləcəyini heç fikirləşmirdim də. Bizə göstərdiyi qayğıya minnətdarlıq ifadəsi olaraq bu mükafatı federasiya prezidenti Cahangir Əsgərova bağışladıq. Mənim və məşqçim üçün hər bir şərait yaratdığı üçün federasiyanın prezidentinə minnətdaram.

Xəbər 1595 dəfə oxundu.