Cəbrayıl Həsənov gümüş medal qazanıb
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, yarışın 3-cü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparıb. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunublar.

74 kq-da Cəbrayıl Həsənov 1/8 finalda Alberto Martineslə (İspaniya) qarşılaşıb və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanıb. 1/4 finalda İsveçrə güləşçisi üzərində vaxtından əvvəl qələbə qazanan Cəbrayıl yarımfinala yüksəlib. Final yolunda Türkiyəli Soner Demirtaşla görüşdə 2:0 geridə olmasına baxmayaraq, "boxça" fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanıb. Finalda Rusiya güləşçisi Ənvər Qeduyevlə gərgin görüşdən 3-5 məğlub ayrılan Cəbrayıl gümüş medala sahib olub.

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov isə 1/8 finalda Dmitri Mixaylovu (Latviya) mübarizədən kənarlaşdırıb - 10:0. Növbəti mərhələdə gürcü Davit Modzmanaşviliyə uduzan güləşçimiz çempionatda mübarizəni dayandırıb.

69 kq-da mübarizə aparan qadın güləşçimiz Nadya Sementsova zədələndiyindən Moldovalı rəqibi ilə görüşə çıxmayıb və mübarizəni dayandırıb.

74 kq
1/8 final - Cəbrayıl Həsənov - Alberto Martines (ESP) 10-0
1/4 final - Stefan Reyxmuth (SUİ) - Cəbrayıl Həsənov 1-11
1/2 final - Soner Demirtaş (TUR) - Cəbrayıl Həsənov (təmiz qələbə)
FİNAL - Cəbrayıl Həsənov - Ənvər Qeduyev (RUS)3-5

125 kq
1/8 final - Dmitri Mixaylov (LAT) - Cəmaləddin Məhəmmədov 0-10
1/4 final - Cəmaləddin Məhəmmədov - Davit Modzmanaşvili (GEO) 2-5

69 kq
1/8 final - Nadya Sementsova - Svetlana Saenko (MDA)
İdmançımız Finlandiyada məşqdə zədələndiyi üçün mübarızəyə qatıla bilməyib.

Xəbər 1052 dəfə oxundu.