Güləşçilərimiz uğurla başladılar
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı keçirilir. İdman.com.az sayti xəbər verir ki, yarışın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov 1/8 finalda bolqar Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabıyla uduzub. Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, Toğrulun təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.

97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovskini 7:0 hesabla üstələyib. 1/4 finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. 6:2 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Ukrayna təmsilçisi Pavel Oleyniki də üstələyən (4:0) Xetaq Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Xetaq rusiyalı rəqibi Abdusalam Qadisova uduzub və gümüş medalla kifayətlənib.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə - 11:0 məğlub edən Mariya Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.

58 kq-da mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 1/4 finaldan qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabıyla üstələyən təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazanılan qələbə Netrebanı finala çıxarıb. Finalda güləşçimiz Valeriya Jolobovaya (Rusiya) uduzub və gümüş medalla kifayətlənib.

Xəbər 844 dəfə oxundu.