Bakıda uşaqlar arasında şahmat üzrə yarış keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü (12 yaşadək) oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır.

Yarışda 67 idmançı iştirak etmişdir. Yarışlar beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilmişdir.

Turnirin nəticələrinə əsasən, birinci yeri 8 xal toplamış Emin Kazımov, ikinci yeri hesabında 7 xal olan, əlavə göstəricilərə görə Kamran Rzazadə, üçüncü yeri isə aktivində 7 xalla Kənan Qarayev tutmuşlar. Bundan əlavə, dördüncü yeri tutmuş Murad Əhmədov və beşinci yeri tutmuş Teymuraz Axundov (hər ikisinin hesabında 6,5 xal) da bu ilin iyununda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.

Yarışın bağlanış mərasimində BŞGİBİ-nin baş məsləhətçisi, şahmat üzrə paytaxtın əlaqələndirici-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışdır.
Yarışda ilk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Xəbər 1201 dəfə oxundu.