Avropa çempionatında iştirak edəcək - HEYƏT
01-06 aprel 2014-cü il tarixdə Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Martın 31-də isə, Avropa Güləş Federasiyası - CELA-nın Konfransı keçiriləcək. İclasda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev iştirak edəcək. Həmin gün həmçinin Olimpiya dərəcəsi almaq üçün beynəlxalq dərəcəli hakimlərin imtahanı da keçiriləcək. AGF-nin baş katibi Əjdər Cəfərov FİLA Hüquq Komissiyasının üzvü kimi imtahanın gedişinə nəzarət edəcək.

Məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilib.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Yığma komanda baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionatda iştirak edəcək.

Qadın güləşi üzrə yarışlarda baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında yığma komandanın heyətinə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq) və Nadya Sementsova (69 kq) daxil edilib.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Çempionatın proqramına əsasən, aprelin 1, 2, 3 və 4-də sərbəst və qadın güləşi üzrə, 5-6-da isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. İlkin görüşlər Bakı vaxtı ilə saat 12.00-da, final görüşləri isə saat 20.00-da başlayacaq. Çempionatın final görüşləri İdman-Azərbaycan kanalından canlı yayımlanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Xəbər 805 dəfə oxundu.