Premyer Liqa yenidən böyüyə bilər
AFFA yenə perspektivə, sabaha deyil, dünənə və bu günə görə qərar verir

AFFA İcraiyyə Komitəsinin növbəti iclası bir neçə cəhətdən maraqlı olub. Birincisi, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, texniki direktor Bernhard Lippert, tanınmış mütəxəssis Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" və "Qarabağ" klublarının baş məşqçiləri, uyğun olaraq, Mustafa Dənizli və Qurban Qurbanov iştirak ediblər. «Niyə məhz bu məşqçilər və məşqçi kimi uğursuz olmuş texniki direktor?» deyə sorsanız, doğru-durust cavab ala bilməyəcəksiniz və cavaba növbəti sualınız özü cavab kimi səslənəcək.

Qəbul edilən qərarlar da elə bu sayaq maraqlıdır və nədən qaynaqlanıb nə ilə əsaslandırıldığı da bəlli deyil. Hərçənd aralarında təqdirəlayiqləri də var. Qərarları oxucularımızın diqqətinə çatdıraq:

Əvvəla, Premyer liqanın gələn mövsümünün oyunçu qərarı ilə tanış olaq. Adətən, belə qərarlar klubların maraqları nəzərə alınaraq, bir il sonrakı və daha sonrakı illərə verilir. Bizdə isə klub adını daşıyacaq qurumlar əməli olaraq yox dərəcəsindədir və bu səbəbdən, illik qəraralar da keçərlidir. Gələn mövsum komandalarda 6+4+1 limiti, yəni 6 əcnəbi, 4 yerli və 1 23 yaşadək yerli (1992-ci il təvəllüdlü) futbolçu meydana çıxmalıdır. Bundan başqa, oyunun protokoluna hər klubun 18 futbolçusundan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır.

Gələn mövsümdən birinci dəstədə də dəyişikliklər olacaq. Klublar heyətinə 23 yaşadək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçunu daxil etməlidirlər.

İcraiyyə Komitəsinin növbəti qərarı gələn mövsüm Premyer liqanın formatının yenə dəyişdiriləcəyinə işarə vurub. Lisenziya tələblərinə uyğunluq olarsa, gələn mövsüm iştirakçıların sayı dəyişdirilə, yəni komandaların sayı yenidən 12-yə çatdırıla bilər. Bununla da, artıq elitadan düşməsi reallığa çevrilməkdə olan «Sumqayıt» və ya «Rəvan»ın da taleyi həll edilmiş olar. «Abşeron»un taleyini yaşamasa, yəqin ki, «Araz Naxçıvan» elitaya yüksələcək iki klubdan biri olacaq. Beləliklə, uzun müddətdən sonra böyük futbola qayıdacaq daha bir regionda futbol coşğusunu alovlandırmaq ümidi yarana bilər. Amma məsələnin başqa tərəfi də var: AFFA-nın artıq ildən-ilə öz qəraralarına xilaf çıxması və xüsusən də, Premyer liqanı təcrübə obyektinə çevirməsi, nə qədər hiss olunmasa da, klub futbolunun inkişaf perspektivlərinə vurulan zərbədir və nəhayət, bu məsələyə birdəfəlik nöqtə qoymaq zamanıdır. Bəs necə oldu 10 klubluq möhtəşəm çempionat, artan səviyyə ideyası. Açığı, çempionat yalnız

klubların sayı 16-nı keçdikdə, ortababların isə bunun tən yarısı qədər olduqda normallaşmağa başlayacaq. Çünki məhz ortabablar klub futbolunun əsas oyunçu və yükdaşıyıcı qüvvəsidir.

Digər qərara əsasən, bundan sonra ölkə ərazisində təşkil olunan bütün futbol oyunlarını AFFA təsdiq etməlidir. İkibaşlı bu qərarın hansı təsirlər doğura biləcəyini indidən söyləmək çətindir. AFFA-nın hansı şərtlər daxilində yarışlara icazə verəcəyi də bəlli deyil. Bu məsələnin də xüsusi izahata, onun bürokratik tərəflərinin isə təqdimata ehtiacı var.

Bir qərar da maraq doğurur: klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılacaq və onların əmək haqları müəyyənləşdiriləcək. Futbolçunun azad işçi olduğu nəzərə alınsa, bunun həyata keçirilmə məqamlarının da xüsusi yanaşma tələb etdiyi aydındır. Birdən klublarda parlaq bir istedad peyda olsa və məbləğ məhdud çərçivədə müəyyənləşsə, necə olacaq? Həmin istedadı Avropanın nəhənglərindən birinin ucuzdan da ucuz təzminatla əldə edib, oyunçunun aid olduğu klubun iqtisadi maraqlarını tapdaması bu halda reallığa çevriləcək. Əlbəttə, bu fikrə qeyri-ciddi yanaşmaq da olar. Lakin bu tipli istənilən qərar, sadəcə, günlük deyil, perspektivi düşünməklə verilməlidir. O ki qaldı süni şəkildə artan müqavilə və məvaciblərə, bunlar daha çox, manipulyasiya ilə məşğul olan işbazlar məşğul ola bilərlər. Bu məsələ AFFA, PFL və klub rəhbərlərinin ortaq müzakirələrində və «centlmen razılaşması» ilə də həll oluna bilər.

AFFA-nın perspektivə hesablanmamış, dünənin və bu günün tələblərinə uyğun addımlar atması bir məsələni açıq gösətərib. Bu təşkilatın özünün perspektiv proqramı yoxdur. Belə bir layihə olsaydı, əlbəttə, ki, dərhal onu gündəmə gətirərdilər. Proqram məram və məqsədi bəlli edir. O, nizamnamə və əsasnamələrdəki ümumi sözlərlə fəaliyyətin ümumi aspektlərini müəyyən etmir, konkret istiqamətverici qüvvə kimi yolgöstərən mayaka çevrilir və nəticəsi də dəqiq bilinir.

Nəhayət, son qeyd. İcraiyyə komitəsi məqsədəuyğun qərar verərək, 2008-ci ildən balansında olan Göyçay şəhər stadionunu, rayon icra hakimiyyətinin müraciətinə əsasən, Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verib. Onsuz da nə AFFA, nə də onun regional qurumları stadionların nəzarətini lazımınca yerinə yetirə bilmirlər. Bu kimi nümunələr dijər təşkilati dəstək formaları ilə rayonlarda futbolun sürətlə inkişafına da yol açar.

Xəbər 2044 dəfə oxundu.