Prezident İlham Əliyev Ucarda şahmat məktəbinin açılışında iştirak edib
Oktyabrın 30-da Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Birmərtəbəli məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar var. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ şahmat fiqurlarına bənzədilib. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb.

Qeyd edildi ki, müasir havalandırma sistemi ilə təchiz olunmuş şahmat məktəbinin oyun zalında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin şahmata və şahmatçılara diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılıb.

Bildirildi ki, Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına töhfələrini verirlər. Yeni şahmat məktəbi ucarlı şahmatçıların daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradacaq.

Dövlətimizin başçısı şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanmış ucarlı Xatın Bağırova ilə görüşdü.

Prezident İlham Əliyev məktəbin kollektivinə uğurlar arzuladı.

AzərTAc

Xəbər 3794 dəfə oxundu.