2020-ci Olimpiadasına namizədlər üçün Lozannada seminar olacaq

Oktyabrın 31-dən noyabrın 4-dək Lozanna şəhərində “2020 namizəd şəhərlər” başlığı altında seminar təşkil ediləcək.
Tədbidə ölkəmizi Azərbaycan Respublikası baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun başçılığı ilə nüvayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, işçi qrupunun üzvləri və xarici şirkətlərin nümayəndələri daxildir.
Seminarda Olimpiya Oyunlarının keçirilməsi üçün dövlətlərin qarşısında duran vəzifələr, olimpiya oyunlarının təşkil edilməsi zamanı mühüm əhəmiyyət kəsb edən məqamlar ətrafında müzakirələr aparılacaq.
1 noyabr tarixində start götürəcək seminarda “Oyunlara baxış”, “Yarışların təşkili - bu nə deməkdir və öz üzərinə nəyi götürür?”, “Yeniyetmələrin Olimpiya oyunlarının təqdimatı”, “Ev sahibliyinin planlaşdırılması və ötürülməsi - Oyunların dəyişiklik katalizatoru necə baş verir?”, “Oyunlara namizədlik”, “Əlaqələrin qurulması” mövzuları ətrafında diskussiyaların aparılması nəzərdə tutulur.
Seminarda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqq, 2012 London Olimpiya Oyunlarının prezidenti Lord Sebastyan, 2014 Soçi Olimpiya oyunlarının təşkilat komitəsinin sədri və prezidenti Dmitri Çernişenko, Rio de Janeyro şəhərinin meri Eduardo Payes və digər nüfuzlu şəxslər iştirak edəcəklər.

Xəbər 1442 dəfə oxundu.