Avropalı idman jurnalistləri Bakıdan məmnun qalıblar

Oktyabrın 25-26-da Bakıda Avropa İdman Jurnalistləri İttifaqı (UEPS) İcraiyyə Komitəsinin iclası keçirilib.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilən tədbir yenicə istifadəyə verilmiş “Hilton” mehmanxanasında təşkil edilib.

İcraiyyə Komitəsinin iclasında qurumun gündəliyinə əsasən, bu ilin yekunları, növbəti ilə dair iş planı və digər məsələlər müzakirə olunub.

Qonaqlar arasında UEPS prezidenti Yannis Daras və xüsusi dəvətlə ölkəmizə gəlmiş Dünya İdman Jurnalistləri İtifaqının prezidenti Cani Merlo da var idi.

Oktyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov UEPS İcraiyyə Komitəsinin üzvləri ilə görüşüb. Spiker qonaqları səmimi salamlayaraq bu cür görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu günlərdə Azərbaycan öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edir. Bu dövrdə həyatın bütün sahələrində olduğu kimi, idmanda da xeyli nailiyyətlər əldə edilib.

Bildirib ki, 1997-ci ildə indiki ölkə başçısı cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra bu sahədə ciddi dönüş yaranıb. Ölkədə yeni-yeni idman qurğuları, Olimpiya kompleksləri inşa edilib. Bu gün ölkə idmançıları mötəbər beynəlxalq turnirlərdə, olimpiadalarda uğurla çıxış edirlər. Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinə ev sahibliyi edir.

Tədbirdə iştirak edən Dünya İdman Jurnalistləri İttifaqının rəhbəri Canni Merlo və Avropa İdman Jurnalistləri İttifaqının prezidenti Yannis Daras Bakıda gördükləri inkişafdan məmnun qaldıqlarını söyləyiblər.

Tədbir çərçivəsində, UEPS rəhbərliyi Bakıda bir sıra idman qurğuları ilə tanış olub, həmçinin şəhərimizin ən maraqlı yerlərini gəziblər.

Avropa media nümayəndələri Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 2010-cu il üçün müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlərə mükafatların təqdim edilməsi mərasimində də iştirak ediblər.

Xatırladaq ki, UEPS İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimidir:
Yannis Daras – prezident (Yunanıstan), Lev Rossoşik – vitse-prezident (Rusiya), Çarlz Kamenzuli – baş katib (Malta), Murat Ağça – xəzinədar (Türkiyə), Filip Barker – üzv (Böyük Britaniya), Eldar İsmayılov – üzv (Azərbaycan), Cimmi Maqee – üzv (İrlandiya), Predraq Milinkoviç – üzv (Serbiya), Gunter Festlinger – üzv (Avstriya), Jan Pol Savart – üzv (Fransa)
Rok Tamse – üzv (Sloveniya), Hans Joaxim Zvingmann – üzv (Almaniya)

Müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılandan sonra AİPS və UEPS-in rəhbərləri, habelə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Onlar qalibləri təbrik etməklə yanaşı, öz tövsiyələrini çatdırıb, mövcud problemlər və onlardan çıxış yolları haqda fikirlərini bildirib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib.

Xəbər 1378 dəfə oxundu.