Robbi Kin "Los-Anceles Qalaksi" ilə yeni müqavilə imzaladı
Robbi Kin “Los-Anceles Qalaksi” ilə yeni müqavilə imzalayıb. İrlandiyalı hücumçu Amerikadakı həyatından razı olduğunu bildirib.

İrlandiya millisinin hücumçusu Robbi Kin karyerasının sonuna qədər Amerika Birləşmiş Ştatlarında qalmağı qərara alıb. 33 yaşlı futbolçu şərəfini qoruduğu “Los-Anceles Qalaksi” ilə müqavilə müddətini artırıb. Sövdələşmənin təfərrüatları barədə ətraflı məlumat verilməsə də, onun bir neçə illiyə nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, Kin karyerasının sonuna qədər Amerika klubunun uğurları üçün çalışacaq. Ötən mövsümün yekunlarına əsasən, çempionatın ən dəyərli futbolçusu adına layiq görülən irlandiyalı hücumçu klubla yeni müqavilə imzaladığına görə sevincini gizlətməyib: “Mənə göstərdiyi etimada görə rəhbərliyə və məşçilər korpusuna minnətdarlığımı bildirirəm. Adətən 30 yaş həddini keçən futbolçularla müqavilənin müddəti 1 illiyə artırılır. Amma “Los Anceles Qalaksi” mənə uzunmüddətli sövdələşmə təklif etdi. Menecerim bu xəbəri mənə deyəndə, bir dəqiqə belə düşünmədim. Ümumiyyətlə, Amerikada özümü yaxşı hiss edirəm. Sağlamlığım imkan verdiyi müddətdə futbol oynamağa davam etmək niyyətindəyəm”.

Xəbər 914 dəfə oxundu.