Abi-Dabi Qran-prisi London yolunu bir qədər də qısaltdı

Oktyabrın 16-da Abi-Dabidə startı verilən Qran-pri turnirinə yığma cüdo komandamız özünün ən güclü heyəti ilə yollanmışdı. Turnirə verilən belə önəm həm onun reytinq xallarının böyüklüyü, həm də mükafat fondunun cəlbediciliyi ilə əlaqədar idi. Qalib cüdoçu reytinqinə 200 xal əlavə edirdi. Turnirin mükafat fondu isə 200 min ABŞ dolları idi.
Turnirin ilk günü komandamızın üzvlərindən heç biri fəxri kürsüyə qalxa bilmədi. O günün ən yaxşı nəticəsi Nicat Şıxəlizadənin (66 kq) 5-ci yeri oldu. Nicatın ilk rəqibi rusiyalı Mixayıl Pulyev xəbərdarlığa görə məğlub hesab edildi. İkinci görüşdə idmançımız Ermənistan təmsilçisi Armen Nazaryanla qarşılaşdı. Görüşün əsas vaxtı tərəflərdən heç birinə xeyir vermədi. Əlavə vaxtda Nicat xalla qiymətləndirilən fənd işlədib, növbəti mərhələyə keçdi. Burada onu Yun Xo Ço ilə (Koreya) çətin mübarizə gözləyirdi. Çətinliyə səbəb idmançımızın əvvəlki görüşdə zədə alması idi. Amma o, qətiyyətlə mübarizəni davam etdirdi. Ancaq xəbərdarlıq nəticəsində tatamini məğlub tərk etdi. Nicat Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə 40 xal qazandı.
Oktyabrın əvvəlində Bakıda Dünya kubokunun qalibi olmuş Tərlan Kərimov da həmin çəkidə çıxış edirdi. Mübarizəyə ikinci dövrədən qoşulan cüdoçumuz startda avstriyalı Georq Reyter üzərində 46 saniyə ərzində parlaq qələbə qazandı. Amma onun ikinci rəqibi fransalı Dmitrii Dragin Tərlan üçün keçilməz sədd oldu.
60 kq çəkidə İlqar Müşkiyevin Parisdəki dünya çempionatında qazandığı üçüncülük və Bakıda dünya kubokundakı qələbəsi onun çıxışlarına olan marağı artırmışdı. İlqar bu il inamla çıxış edir, nəticələri gündən günə yüksəlir. Reytinq cədvəlində 9-cu olan idmançımızın Londanda yığmamızın heyətində olacağına şübhə edən yoxdur.
Amma tatami Səudiyyə Ərəbistanından olan cüdoçu ilə ilk görüşdə gözlənilənin əksi oldu. Tərlan ipponla məğlub olub, turnirdə çıxışını başa vurdu.
Kifayət Qasımova (57 kq) reytinqdə 12-ci pillədə dayanıb. Ona bu turnirdə daha yüksək xal qazanmaq və London şansını möhkəmlətmək lazım idi. Amma cüdoçumuz ilk görüşdə serbiyalı Yovana Roqiçə qalib gəldikdən sonra Rusiya idmançısı İrina Zabludina qarşısında yarım dəqiqə davam gətirə bildi.
Yarışların ikinci günü tatami üzərinə çıxan Ramilə Yusubovanın (63 kq) reytinq cədvəlindəki vəziyyəti yaxşı deyil. İdmançımız üçüncü onluqdadır. Londona vəsiqə qazanmaq üçün o, xal ehtiyatını sürətlə artırmalıdır. Abi-Dabidə R.Yusubova startda braziliyalı çüdoçuya qısa müddətdə qalib gəldi. İkinci görüşünü də idmançımız inamlı qələbə ilə başa vurdu. Koreyalı Da Vun Yunq Ramilənin ippon fəndinə düşdü. Üçüncü rəqibi monqolıstanlı cüdoçu da eyni tərzdə yarışdan kənarlaşdırıldı. Bununla da o, yarımfinala, yəni artıq real medalçılar sırasına daxil oldu. Bu mərhələni də sürətlə keçən cüdoçumuz finalda fransalı Klariss Aqbenyuya məğlub olmaqla gümüş medal sahibi oldu. Bu isə 120 reytinq xalı deməkdir.
Bu ilin mayında Bakı qran-prisində ikinci olmuş Elxan Rəcəbli (81 kq) ilk görüşdə rusiyalı Murad Xabaçirova ipponla qalib gəldi. İkinci dövrədə italiyalı Françesko Brüyeri xal hesabı ilə udan Elxan dörddəbir finalda amerikalı Trevis Stivenslə bacara bilmədi və çıxışını 5-ci yerdə başa vurdu.
Elnur Məmmədli bu turnridə öz çəkisində deyil, 90 kq-da çıxış etdi. Bu debüt idmançının çəki salmaq zərurətindən qurtulmaq cəhdi idi. Həm də daha ağır çəkidə özünü sınamaq da pis olmazdı. İlk rəqibi hollandiyalı Robbi Vannı ipponla məğlub etdikdən sonra, olimpiya çempionumuz kanadalı Aleksandr Emonda xal hesabı ilə qalib əldi. Sonra səkkizdəbir finalda Koreya idmançısı Kyu Von Li ilə qarşılaşdı. Amma koreyalı ilk saniyələrdə zədə aldığından görüşü davam etdirə bilmədi. Sonrakı rəqibi özbək Dilşad Çoriyevlə cüdoçumuzun görüş ilk saniyələrdə çətinliklə keçsə də, son məqamda Elnurun təmiz fəndi ona yarımfinala keçmək imkanı verdi. Burada isə İsveç cüdoçusuna məğlub olmaqla bürünc medal sahibi oldu.
Olimpiadaya lisenziya məsələsini faktiki olaraq həll etmiş Elxan Məmmədov (90 kq) son vaxtlar bir qədər qeyri-stabil çıxış edir. Bu turnirdə o, iki təmiz qələbədən sonra dördəbir finalda mübarizəni dayandırdı və turniri 5-ci yerdə başa vurdu.
100 kq çəkidə təmsilçimiz Elmar Qasımov üçün hər bir turirin əhəmiyyəti çox böyükdür. Onun Londonda çıxış etmək ehtimalı turnirdən-turnirə azalmaqdadır. Abi-Dabidə də cüdoçumuz uğur qazana bilmədi. İkinci görüşdə olimpiya çempionu monqol Tuvşinbayar Naydana məğlub oldu.
Beləiklə, komandamız Abi-Dabi səfərindən bir gümüş və bir bürünc medalala qayıtdı. İndi cüdoçularımız İspaniya səfərinə hazırlaşırlar. Onlar noyabrın 1-dən Malaqada dünyanın bir çox ölkələrinin güclü idmançılarının da iştirak edəcəkləri təlim-məşq toplanışına qatılacaqlar.

Ə.FƏRƏCOV

Xəbər 1365 dəfə oxundu.