Milli olimpiya komitələrinin rəhbərləri Azərbaycan Taekvondo Federasiyasında olublar

Bakıda səfərdə olan MDB və Baltik ölkələri milli olimpiya komitələrinin rəhbərləri idman obyektləri ilə tanış olmaq məqsədilə Azərbaycan Taekvondo Federasiyasında olublar. İdman zalında Azərbaycan Taekvondo yığmasının məşqini izləyən qonaqlara, daha sonra federasiyada görülən işlər və idmançılarımızın qazandığı uğurlar barədə məlumat verilib. Bütün bu müvəffəqiyyətlərin əldə olunmasında Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun böyük əməyinin olduğu xüsusi qeyd edilib. Bildirilib ki, məhz federasiya prezidentinin qayğısı nəticəsində taekvondoçularımız beynəlxalq səviyyəli yarışlarda bir sıra yüksək nəticələr əldə ediblər.
Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev qonaqlara bildirib ki, taekvondoçularımızın təlim- məşqlərdə ustalıqlarını artırması, onların istirahəti və asudə vaxtının səmərəli keçirilməsi üçün hər bir şərait yaradılıb. Bundan başqa, ölkədə digər idman növləri ilə yanaşı, taekvondoya da diqqət ayrıldığı bildirilib. O da vurğulanıb ki, bu cür şərait idmançıların daha böyük uğurlar qazanmasına imkan verir. Öz növbəsində qonaqlar yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Xəbər 1598 dəfə oxundu.