Stadnik yenə qızıl medal qazandı
İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir başa çatıb. İdman.com.az saytının məlumatına görə, qadın güləşi üzrə yığma komandamızın 4 üzvünün iştirak etdiyi turnirdə güləşçilərimiz 2 qızıl medal qazanıb.

Bundan öncə, tilullu idmançımız Fransada keçirilmiş yarışda baş mükafata sahib çıxmışdı.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edib.

48 kq-da mübarizə aparan Olimpiya mükafatçımız ardıcıl olaraq ABŞ, Norveç, Bolqarıstan güləşçilərini üstələyib. Yarımfinalda daha bir ABŞ təmsilçisini mübarizədən kənarlaşdıran Mariya Stadnikin finalda rəqibi daha bir ABŞ güləşçisi olub. Mariya Stadnik rəqibini böyük hesabla (11:0) məğlub edərək, turnirin qızıl medalını qazanıb. Qeyd edək ki, 48 kq çəki dərəcəsində 31 güləşçinin mübarizə aparıb.

60 kq çəki dərəcəsində Yuliya Ratkeviç ilk görüşündə ABŞ güləşçisi Batermanı üstələyib. Daha sonra Tunis və yarımfinalda İsveçdən Matson üzərində qələbə güləşçimizi finala yüksəldib. Final görüşündə Yuliya kanadalı Fazzaridən də üstün olub və qızıl medala sahib olub.

Patimat Baqomedova (53 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də, bu fürsəti dəyərləndirə bilməyib.

Ən ağır çəkidə yarışan Səbirə Əliyeva (75 kq) isə zədələndiyindən mübarizəni davam etdirə bilməyib.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib.

Xəbər 816 dəfə oxundu.