Metyu Bremmier sprint lideridir
Malaziyada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük “Langkawi” turu davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar Kampardan Kuala-Lumpura qədər olan 166.5 km məsafəni qət ediblər.

Yürüşdə iştirak edən “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici almaniyalı Daniel Klemmeyə məxsusdur – o mərhələ qalibi, Qazaxıstanın “Astana Pro Team” komandasının italiyalı üzvü Andrea Quardini ilə eyni göstəriciyə (3 saat, 40 dəqiqə, 38 saniyə) malik olsa da, fotofinişə əsasən 8-ci yerlə kifayətlənib.

Komandamızın digər velosipedçiləri - Azərbaycanın U-23 və Elit millisinin üzvləri Tural İsgəndərovla Elçin Əsədov, avstraliyalı Patrik Leyn, irlandiyalı Metyu Bremmier və digər almaniyalı Maykl Şvayzer də finişi eyni anda keçən pelotonun içərisində olublar. Bu nəticə “Synergy Baku”nun 3 mərhələdən sonra komanda hesabında 2-ci olması ilə yadda qalıb.

3 mərhələdən sonra ümumi sıralanmada velosipedçilərimiz arasında ən yaxşı göstərici Metyu Bremmierə məxsusdur – o liderə 19 saniyə uduzmaqla 2-ci yerdədir. Amma Bremmier 3-cü mərhələdə sprinterlər arasında göstəricisini bir xeyli yaxşılaşdırmaqla liderliyi və “mavi mayka”nı ələ keçirib. Xatırladaq ki, Bremmier həm də dağ mərhələsində nümayiş etdirdiyi çıxışla “qırmızı mayka”nı da özündə saxlayır.

Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 110.9 km məsafəni qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.

Xəbər 1058 dəfə oxundu.