Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidir. Əlbəttə, belə bir qərarın qəbulunda ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf proseslərinin getməsi, Azərbaycanın dünyada nüfuzunun durmadan artması, respublikamızın müxtəlif mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi və bu sahədə zəngin təcrübəyə malik olması mühüm rol oynamışdır. İdmanın inkişaf etdirilməsinə prioritet sahələrdən biri kimi böyük önəm verən dövlətimizin başçısının birbaşa göstərişi ilə paytaxtda və regionlarda ən müasir idman infrastrukturunun yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkəmizin bütün regionlarında Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilir. İdmançılara diqqət və qayğı artırılır. Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında bir-birinin ardınca parlaq qələbələr əldə edirlər. Dünya çempionatlarında və Beynəlxalq Olimpiya yarışlarında qızıl medal qazanmış idmançılarımızın sayı ildən-ilə artır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ilk dəfə olaraq Azərbaycanda keçirilməsi məhz ölkəmizə beynəlxalq aləmdə inamın sübutudur.
Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxtın qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Respublikamızın paytaxtında da Su İdmanı Növləri Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və digər belə mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.
Azərbaycan Prezidentinə stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur.
Qeyd edildi ki, Bakı Olimpiya Stadionunun loqosu da mükəmməlliyi ilə diqqəti cəlb edir. Stadionun inşasında bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə edilir.
Diqqətə çatdırıldı ki, stadionun yerləşdiyi ərazi inşaat işləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin tikinti təşkilatları tərəfindən hazırlanıb. Layihənin icrasına 2012-ci ilin noyabrından başlanıb.
2011-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin bir çox hissəsi həyata keçirilib. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina inşa olunur. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Beynəlxalq Olimpiya normativlərinə əsasən tamaşaçıların stadiona daha çox ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri nəzərdə tutulur.
Məlumat verildi ki, ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq. Stadionun ətrafında əsaslı abadlıq və geniş həcmdə yaşıllaşdırma işləri aparılacaq.
Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər 2734 dəfə oxundu.