Məcidov milli qəhrəman kimi qarşılandı

Bakıda keçirilmiş boks üzrə dünya çempionatında superağır çəkidə qızıl medal qazanan Məhəmmədrəsul Məcidov anadan olduğu Dağıstanın Akuşinsk rayonunda böyük coşqu ilə qarşılanıb.
idman.com.az saytı xəbər verir ki, milli komandamızın üzvünü rayonun girəcəyində xeyli sayda insan qarşılayıb. Sonra şadyanalıq yerli administrasiyanın binası önündəki meydanda davam etdirilib. Akuşinsk rayonunun icra başçısı Məhəmməd İsmayılov və digər rəsmi şəxslər çıxış edərək, Məcidovun dünya çempionatında parlaq qələbə qazandığını qeyd ediblər. Boksçumuzun 2012-ci ildə Londonda keçiriləcək növbəti olimpiya oyunlarında da uğurla çıxış edəcəyinə əminlik ifadə olunub. Məhəmməd İsmayılov rayon sakinləri adından Məhəmmədrəsul Məcidova “Lada Priora” avtomobilinin açarlarını təqdim edib.
Qeyd edək ki, boksçumuzun atası Yusub Məcidov milli idman növləri üzrə dəfələrlə Dağıstan və Şimali Qafqaz çempionu olub.

Xəbər 1205 dəfə oxundu.