Avro-2016: Milli komandamızın hesabat məqamı yetişdi
... Qrupda ən fərqli və ilk baxışda, asan qrup təsirini bağışlayan məqam bir məsələ ilə ağırlaşır. Qrupda yer alan komandaların hamısı tam fərqli tərz və üslubda oynayırlar. Hətta orta Avropanın Xorvatiya və Bolqarıstanı da bir-birindən kəskin surətdə seçilirlər...


Fransanın Nitsa şəhərinin «Akropolis» konqreslər sarayında final mərhələsi 2016-cı ildə bu ölkədə keçiriləcək Avropa futbol çempionatının seçmə raundunun püşkü atılıb. UEFA-nın baş katibi Canni İnfantino bu turniri «milli komandaların yeni erasının başlanğıcı» adlandırıb. İlk dəfə püşkatama mərasiminə rekord sayda – 53 milli komanda qatılıb. Yarışın yeni üzvü Cəbəllütariqdir. 1960 və 1984-cü illərdə qitə çempionatını qəbul etmiş Fransanın seçmə komandası birbaş final mərhələsinə vəsiqə qazanıb. Tarixdə ilk dəfə final mərhələsində 24 komanda yarışacağından seçmə mərhələlər bir qədər fərqli tərzdə təhlil olunmalıdır. Çünki bu dəfə favoritlərin əsas yarışda yer almasına əngəl qalmayıö. Məsələ daha da sadələşib. Eyni zamanda daha aşağı səviyyəli komandalar da bu yarışda yer almaq imkanı əldə ediblər. Qeyd edək ki, il kiki yerlərin sahibləri final mərhələsinə vəsiqə əldə edəcəklər. Onlara qruplarda 3-cü yeri tutmuş komandaların ən yaxşı nəticə göstərəni də qoşulacaq. Bu səbəbdən 3-cü yer uğrunda oyunlar da həlledici xarakter daşıyacaq. Lakin digr üçünxülər də bəxtlərini bir daha sınamaq şansı əldə edəcəklər. 8 komanda cütlərə bölünməklə pley-off mərhələsində ev-səfər prisnipi ilə daha 4 xoşbəxti məlum edəcəklər.

Məlumdur ki, 5-ci püşk səbətində yer almış Azərbaycan milli komandası da bu dəfə final mərhələsinə vəsiqə əldə etməlidir. AFFA və baş məşqçi Berti Foqts belə iddia edirdilər. Vaxt gəlib çatdı, hesabat məqamı yetişdi. AFFA da həmin heyət-tərkiblə yerindədir, baş məşqçi Foqts da. Məşhur məsəli çəkməyə elə bir əsas da yoxdur.

Hərçənd «H» qrupunda yer almış komandamızın işi heç də asan olmayacaq. İndiyə qədər Foqtsa qrup püşkatması daha münasib olurdu. Bu dəfə isə rəqiblər nə qədər fərqli olsalar da, qitə çempionatının final mərhələsinə çıxmaq istəyən bir komanda üçün dişəçəkilən olmalıdırlar. Amma 2-3-cü yerin indiki haldakı iddialıları heç də asanlardan olmayacaqlar.

Qrupun tərkibinə nəzər salsaq, artıq bir dəfə üz-üzə gəldiyimiz, üstəlik, Bakıdakı matçı Tofiq Bəhramov adına Respublika stadionuna rekord sayda azarkeş toplamış İtaliya seçməsinin liderlik etdiyi qrup, ilk baxışda, apenninlilər üçün problemsiz görünür. Əslində, ənənəyə güvənsək, mütləq favoritin yer aldığı bu qrupda ikinci güclü komanda da bəllidir. Lakin xorvatların son vaxtlar bir qədər qeyri-sabit oyununun nəzərə alsaq, qrupda heç də hər şeyin əvvəlcədən bəlli olmadığını söyləyə bilərik. Bundan başqa, altılıqda yer alan Norveç və Bolqarıstan millilərinin də yarışa hansı ovqatla qouşalacağı bəlli deyil. Bu komandaların «barıt»ı partlayarsa, mübarizə əməllicə kəskinləşə bilər.

Qrupda ən fərqli və ilk baxışda, asan qrup təsirini bağışlayan məqam bir məsələ ilə ağırlaşır. Qrupda yer alan komandaların hamısı tam fərqli tərz və üslubda oynayırlar. Hətta orta Avropanın Xorvatiya və Bolqarıstanı da bir-birindən kəskin surətdə seçilirlər.

Bəs Azərbaycan komandası necə olacaq, şans, imkan nə deyir? Foqtsun başçılıq etdiyi komandanın ötən illərdə bir o qədər də sürətli inkişaf yolu keçmədiyi aydındır. Lakin məsələ təkcə Bolqarıstan və Norveç komandalarına nə qədər inad göstəriləcəyindən də asılı deyil. Öu dəfə İtaliyaya, ələlxüsus da Xorvatiyaya qarşı dirəncli, həm də nəticəli oyun göstərmək də lazımdır. Ən əsası, artıq çoxplanlı, fərqli tərzlərdə oynamağı bacaran, ən əsası, hər oyuna mənəvi cəhətdən autsayder kimi deyil, bərabər, hələ bir az da öndə oynamağı bacaran ruhu, gücü, istəyi, inadı, iddiası olan bir komanda meydana çıxmalıdır. Belə bir komandanı indiyə qədər görməmişik, heç Foqts da bu istiqamətdə bir iş görmədi. Amma artıq dəyişmək zamanı üçün ayrılan vaxt da tkənib. Yoxsa nəinki 2-3-cü yerlər, hətta sonuncudan əvvəlinci yer də asan başa gəlməyəcək. Buna görə də yuxarılardan bəhs edərkən, əlbəttə, Maltanı da unutmaq olmaz. Əslində, komandamızın indiki durumunda əsas rəqibi məhz Maltadır. Rəsmi yarışlarda üz-üzə gəlməsək də, bu komanda ilə acı nəticəli yoxlama oyunlar keçmişimiz var. Hərçənd ümid yerini də unutmayaq: son görüşdə millimiz əvvəlki məğlubiyyətlərin əvəzini qismən çıxmışdı. Elə bu nəticə də ümidə əsas verir. Təbii ki, futbolçular və məşqçi heyəti də bundan rahatlanıb, arxayınlışmamalıdırlar. Çünki Maltaya, eləcə də milli komandamıza yuxarıdan aşağı baxan isətnilən komandanın cəzalanıb dəgər rəqiblərə yol açacağı şübhəsizdir.

Bir sözlə, məqam yarışı, hesabat turniri başlayır. İndi diqqət yarış təqviminin müəyyənləşməsinə və sonra oyun yolunun cızılıb təqib edilməsinə qalır. AFFA-nın ilkin vəzifəsi, əvvəlki qeyri-ciddi münasibəti knəar qoyub, bu dəfə yoxlama matçlar dövründə məhz indiki rəsmi rəqiblərə yaxn və güclü komandalarla sınaq görüşləri keçirməkdir. Əlbəttə, Filippin kimi komandalar belə məqamlarda lağlağıdan başqa bir şey deyil.

Sonda onu da qeyd edək ki, UEFA-nın qərarına əsasən, seçmə mərhələnin oyunları cümə axşamı günündən çərşənbə axşamına qədər hər gün keçiriləcək. İstirahət günləri oyunlar Bakı vaxtilə 21:00 və 23:45-də, iş günlərində isə yalnız 23:45-də başlayacaq. İş günlərində Bakıda komandamızın gücənin bu saatında oyuna çıxması heç də məqsədəuyğun deyil. Axı, son illər azarkeş marağının aşağı düşməsi səbəbəindən komandanın dəstəksiz qalmasının daha bir səbəbi də oyunun gec başlaması olacaq.

BATI YAR, «İdman» qəzeti

Avro-2016-nın seçmə mərhələsinin püşkatmasının nəticələri:

«A» qrupu: Niderland, Çex Resp., Türkiyə, Latviya, İslandiya, Qazaxıstan.
«B» qrupu: Bosniya və Herseqovina, Belçika, İsrail, Uels, Kipr, Andorra.
«C» qrupu: İspaniya, Ukrayna, Slovakiya, Belarus, Makedoniya, Lüksemburq.
«D» qrupu: Almaniya, İrlandiya, Polşa, Şotlandiya, Gürcüstan, Cəbəllütariq.
«E» qrupu: İngiltərə, İsveçrə, Sloveniya, Estoniya, Litva, San Marino.
«F» qrupu: Yunanıstan, Macarıstan, Rumıniya, Finlandiya, Şimali İrlandiya, Farerlər.
«G» qrupu: Rusiya, İsveç, Avstriya, Monteneqro, Moldova, Lixtenşteyn.
«H» qrupu: İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, AZƏRBAYCAN, Malta.
«I» qrupu: Portuqaliya, Danimarka, Serbiya, Ermənistan, Albaniya.

Xəbər 1246 dəfə oxundu.