“Alfa Ekstrim–Bakuriyani” düşərgəsi yekunlaşdı
“İrəli” İdman Mərkəzi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanın Bakuriyani şəhərində gənclər üçün “Alfa Ekstrim–Bakuriyani” düşərgəsi yekunlaşmışdır.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində iştirakçılar Bakuriyani şəhərinin görməli yerlərini gəzmiş, “Playground scooter” meydançasında yarışmalara qatılmışlar.
Layihənin növbəti günlərində “Azərbaycanda idmanın inkişafı” mövzusunda seminar keçirilmişdir. Seminar “İrəli”nin korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev tərəfindən aparılmışdır.
“İrəli” İdman Mərkəzinin rəhbəri İsa Muradov və Niyaz Əliyev, eyni zamanda, tanınmış idman ustası İnna Sutidze ilə görüşmüş və qış idman növləri haqqında geniş müzakirələr aparmışlar.
Layihə çərçivəsində Marneuli Gənclər Mərkəzini də ziyarət edən iştirakçılar SOCAR-ın dəstəyi ilə mərkəzin keçirdiyi layihələr və burada təşkil edilən kurslarla tanış olmuşlar.

Görüşdə iştirakçılarla yanaşı, Gürcüstan Baş nazirinin köməkçisi Savalan Mirzoyev, Marneuli Gənclər Mərkəzinin layihə rəhbəri Emil Əhmədov, “İrəli”nin korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev və “Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov iştirak etmişlər.

Eyni zamanda, Gürcüstanda yaşayan Azərbaycanlı gənclərlə görüş keçirilmiş və geniş müzakirələr aparılmışdır.
Gürcüstan Baş nazirinin köməkçisi Savalan Mirzoyev bu görüşdə də iştirak etmişdir. Müzakirələr zamanı Niyaz Əliyev tərəfindən təklif edilən yeni “Alfa-Batumi” layihəsi Marneuli Gənclər Mərkəzi tərəfindən bəyənilmiş, onun dəstəklənəcəyi bildirilmişdir.
Görüşdə Fuad Əsgərov “Gürcüstan gənclərinin dostu” mükafatı ilə təltif olunmuşdur.

Xəbər 992 dəfə oxundu.