Ölkəmizin ən güclü ağırlıqqaldıranları müəyyənləşdi

Dünən Milli Aviasiya Akademiyasının bazasında start götürən ağırlıqqaldırma üzrə kişilər, qadınlar və gənclər arasında Azərbaycan çempionatına bu gün yekun vurulub. İdman.com.az saytı xəbır verir ki, ölkə çempionatında MOİK, “Zirvə”, “Neftçi” İSM, “Təhsil”, “Gənclik” və digər idman klubu və cəmiyyətlərindən 15-dən yuxarı komandanın tərkibində 90 nəfərə yaxın idmançı iştirak edib.

Çempionatın yekun nəticələrinə görə, mütləq çəkidə mübarizə aparan qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsində Yuliya Dovqal qərarlaşıb.

Gənc ağırlıqqaldıranlar Valentin Xristov (62 kq, Bakı, “Məhsul” - “AZAL”) və Firudin Quliyev (69 kq, Goranboy, “Zirvə”) həm kişilər, həm də gənclər arasında ilk pilləyə sahib olublar. Kişilər arasında Elmar Alıyev (56 kq, MOİK), Əfqan Bayramov (77 kq, Bakı, “Neftçi”-“AZAL”), Turan Mirzəyev (85 kq, Lənkəran, “Zirvə”), Namiq Cəmilov (94 kq, Gəncə), İntiqam Zairov (105 kq, Bakı, “Neftçi” - “AZAL”), Turnike Kokaya (+105 kq, Bakı, “Neftçi” - “AZAL”) birinci yerləri tutublar.

Gənclər arasında isə Sultan İbrahimli (56 kq, Sumqayıt, “Təhsil”), Nicat Rəhimov (77 kq, Bakı, “Neftçi” - “AZAL”), Kamran İsmayılov (85 kq, Sumqayıt, “Zirvə”), Nailxan Nəbiyev (94 kq, Bakı, “Gənclik” - “AZAL”), Ağazaman Əliyev (+105 kq, Bakı, “Təhsil”, 8 saylı UGİM), Azər Məmmədov (Lənkəran, “Zirvə”) bütün rəqiblərindən üstün olublar.

Yarısların baş katibi Azad Mustafayevin idman.com.az saytına verdiyi məlumata görə, ölkə çempionatı yüksək səviyyədə keçirildi. O, yarışların bu yaxınlarda keçiriləcək dünya çempionatına hazırlıq baxımından əhəmiyyət daşıdığını da bildirdi. “Bir daha idmançılarımızın hazırlığını nəzərdən keçirdik. Nəticələr qənaətbəxşdir. Gənclər də öz güclərindən maksimum istifadə etdilər. Gözlənilməz nəticələr qeydə alınmadı”, - deyə o əlavə etdi.

Xəbər 1434 dəfə oxundu.