Dünya çempionları Bakıya qayıtdılar
Qətərin paytaxtı Dohada keçirilən voleybolçu qadınlar arasında klublararası dünya çempionatının qalibi olmuş Bakının “Rabitə” komandasının üzvləri oktyabrın 15-də Vətənə dönüblər.

İdman.com.az AzərTAca istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub.
Çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılayıblar.
Klubun direktoru Cəlil Cəfərov deyib ki, dünya çempionatında qazanılan birincilik böyük nailiyyətdir. Bu nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Komandanın baş məşqçisi Zoran Qayiç Azərbaycan voleybolçularının qələbəsini tarixi hadisə adlandırmış, kollektivin bu qalibiyyətə layiq olduğunu və uğurların davamlı olacağını diqqətə çatdırıb.
“Rabitə” mundialın final oyununadək Tailandın “Çanq”, Braziliyanın “Osasco” və Dominikanın “Mirador” komandalarına qalib gəlmiş və həlledici qarşılaşmada Türkiyənin “Vakıfbank Günəş Telekom” kollektivi üzərində inamlı qələbə qazanaraq ilk dəfə dünya çempionu adını qazanıb.

Xəbər 1083 dəfə oxundu.