"Məcidovun döyüş stili peşəkar boksa çox uyğun gəlir"

Bakıda keçirilən boks üzrə dünya çempionatında ingiltərəli Entoni Yoşuanı məğlub edərək, qızıl medala layiq görülən Məhəmmədrəsul Məcidov hazırda ictimaiyyətin diqqət mərkəzindədir. Peşəkar boks yarışlarında uğurla çıxış edən Məhəmməd Abdusalamov da milli komandamızın üzvü haqda danışıb:
- Mənim yaşadığım Dağıstanın Akuşinsk rayonunda əsasən kənd təssərüfatı ilə məşğul olan sadə, zəhmətkeş insanlar yaşayır. Bizim rayonda boksla məşğul olan ilk idmançılardan biri mənəm. Mənə qədər Akuşinsk rayonunda cəmi bir tanınmış boksçu var idi. Boksda uğurlu nəticələr əldə etdikdən sonra bir çox uşaqlar mənim yolumla getməyə başladılar. Çalışırdım ki, onların hamısını məşqlərə cəlb edim. Onların arasında Məhəmmədrəsul Məcidov və Abdulqadir Abdullayev də var idi. Azərbaycan milli komandasının 91 kq çəki dərəcəsində boksçusu olduğundan, Abdullayev dünya çempionatında iştirak edə bilmədi. Amma Abdulqadir də çox yaxşı boksçudur. O, ötən mövsüm “Baku Fires” klubunun heyətində WSB liqasında uğurla çıxış etdi. Güman edirəm ki, gələcəkdə o özünü yaxşı tərəfdən göstərə biləcək. Həm Məhəmmədrəsul, həm də Abdulqadir Dağıstanda mənimlə birgə məşq edirdilər. Onlar gözümün önündə yavaş-yavaş öz ustalıqlarını artırdılar. Rusiya milli komandasının birinci nömrələri həmin vaxt artıq müəyyənləşmişdi və ora düşmək mümkün deyildi. Böyük beynəlxalq turnirlərə getmək üçün onlar digər ölkələrin yığma komandalarında çıxış etməli idilər. Dağıstanda hamımıza məşq keçmiş yaxşı mütəxəssis var – Hacımurad Həziyev. O bizə tək məşqçilik yox, həm də böyük qardaşlıq edib. Və bu insan onların hamısına kömək etdi ki, Azərbaycan komandasının şərəfini qorusunlar. Orada daha bir istedadlı boksçumuz var – Osman Əliyev. Onun burnu sındığından dünya çempionatında iştirak edə bilmədi. Məcidova gəlincə, heyətə düşmək və qızıl medal qazanmaq üçün əlindən gələni etdi. Bu insanın ən böyük üstünlüyü qalibiyyəti ürəkdən istəməsi idi. O, hər döyüşdə var gücü ilə sonadək mübarizə apararaq, qələbəni təmin etdi.
Sonra Abdusalamov Məcidovun gec yaşda boksa gəldiyini bildirib:
- İndi Məcidovun 25 yaşı var. O, cəmi 5-6 ildir ki, boksla məşğul olur. İlk baxışdan bu bir az gec görünə bilər. Amma boksla məşğul olmaq heç vaxt gec deyil. Məsələn, mən 22 yaşda boksla məşğul olmağa başlamışam. Düzdür, buna qədər kikboksinqdən bəzi şeyləri öyrənmişdim. Təbii gücün hesabına işlərim yaxşı getməyə başladı. Məhəmmədrəsul haqda da eyni şeyləri demək olar. Onun yaxşı təbii gücü var, üstəgəl xarakter və mübarizliyi. O, mənim uzaq qohumumdur. Olimpiya oyunlarından sonra Məcidov peşəkar boksa getsə, yaxşı nəticələr əldə edə bilər. Ən əsası ona görə ki, onun döyüş stili peşəkar boksa çox uyğun gəlir. Artıq hərəkətlər yoxdur, hər iki əli ilə qüvvətli zərbələr vurur. Təbii gücü və döyüşü aqressiv şəkildə qurmağı da öz yerində. Əsas odur ki, dünya çempionatındakı kimi qalibiyyət istəyi olsun.

Xəbər 1408 dəfə oxundu.