Yunan-Roma güləşçilərimizin İstanbul səfəri
1-2 fevralda İstanbulda yunan-Roma güləşçiləri arasında Vəhbi Əmrənin xatirəsinə 32-ci beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Əhməd Cömərd Spor Salonunda təşkil olunacaq yarışda seçmə komandamız da iştirak edəcək.

Turnirdə 10 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi - 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98 kq, fevralın 2-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Final görüşləri Bakı vaxtı ilə, hər gün saat 19.00-da başlayacaq və TRT-spordan canlı yayımlanacaq.

Xəbər 1027 dəfə oxundu.