Bakının 2020-ci il Olimpiya Oyunları keçirilməsinə namizədliyinin irəli sürülməsi üzrə təşkilat komitəsinin birinci iclası olub
Oktyabrın 3-də Nazirlər Kabinetində Bakının 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə keçən iclasda Təşkilat Komitəsinin üzvləri – nazirliklərin rəhbərləri, idman federasiyalarının başçıları, Olimpiya çempionları iştirak ediblər.
İclasda çıxış edən Yaqub Eyyubov Prezident İlham Əliyevin bu il sentyabrın 8-də imzaladığı “Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə” Sərəncamı görüş iştirakçılarına xatırladaraq qeyd edib ki, ölkəmizin namizədliyinin artıq ikinci dəfə irəli sürülməsi onun iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsinin göstəricisidir və Azərbaycanın dünyada nüfuzunun artmasına təsir edir.
Onun sözlərinə görə, Azərbaycan ilk dəfə 2016-cı il Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürəndən sonra bu sahədə böyük təcrübə toplayıb və Komissiya öz işində bu təcrübədən istifadə edəcək. Y.Eyyubov budəfəki komissiyanın tərkibinə nazirlər və komitə sədrləri ilə yanaşı, respublikamızın müstəqillik illərində yüksək idman titulu qazanmış Olimpiya çempionlarının da daxil edilməsini rəmzi fakt adlandırıb.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, bundan əvvəlki müraciətdən sonra qazanılmış təcrübə barədə ətraflı məlumat verib. Nazir Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən bəyənilmiş müsbət məqamları qeyd edərək deyib ki, bu təşkilat Azərbaycan dövlətinin bu məsələni dəstəkləməsini xüsusi vurğulayıb. Bununla bərabər, BOK nümayəndələrinin fikrincə, fəaliyyətdə olan idman obyektlərinin sayının az olması, infrastrukturun zəif inkişaf etməsi mənfi amillərdir. Nazirin sözlərinə görə, ötən dövr ərzində bu istiqamətdə böyük iş görülüb. 60 min tamaşaçı yeri olan Olimpiya stadionunun təməli qoyulub, bir neçə idman kompleksi inşa edilib, üzgüçülük kompleksinin tikintisi planlaşdırılır. İnfrastruktur sahəsində sanballı işlər görülüb: yollar, keçidlər, mehmanxanalar tikilib.
Azad Rəhimov bildirib ki, bu gün qarşıda duran birinci dərəcəli məsələ beynəlxalq olimpiya komitəsinə təqdim edilmək üçün sifariş kitabının hazırlanmasıdır. Azərbaycan belə bir nəşri Almaniya şirkətinə sifariş verib. Nazir qeyd edib ki, hazırda bu məsələ ilə əlaqədar, bir Amerika şirkəti ilə danışıqlar aparılır. Həmin şirkət Rusiya üçün sifariş kitabı hazırlayıb və 2014-cü il qış Olimpiya oyunlarının paytaxtı seçilərkən Rusiya bu sifariş kitabını təqdim edərək qalib gəlib.
Nazir ümid etdiyini bildirib ki, bu dəfə Bakının namizədliyi şört-siyahıya düşəcək və Azərbaycan paytaxtı 2020-ci il Olimpiya oyunlarının keçirilməsinə namizəd olacaq. O, qeyd edib ki, ölkəmizin 2020-ci il Olimpiya oyunlarını qəbul etmək üçün yaxşı şansı var və bu məsələdə Bakının əsas rəqibi İstanbuldur.
Komissiyanın üzvü, güləş üzrə olimpiya çempionu Fərid Mansurov Bakının namizədliyinin təbliğ olunması üçün xüsusi kitab hazırlanmasını, xarici ölkələrdə keçirilən çoxsaylı yarışlarda bizim idmançıların həmin kitabı paylamalarını təklif edib.

AzərTAc

Xəbər 1341 dəfə oxundu.