Güləşçimiz "Yadigar İmam Kubokunda qızıl medal qazandı - YENİLƏNDİ
Tehranda yunan-Roma güləşçiləri arasında ənənəvi "Yadigar İmam Kuboku" beynəlxalq turnirində 2-ci günün görüşləri keçirildi. İdman.com.az saytı xəbər verir ki, sayca 34-cü dəfə keçirilən yarışda 11 ölkənin - İran, Azərbaycan, Türkiyə, İraq, Ukrayna, Yaponiya, KXDR, Gürcüstan, Macarıstan, İsveç və Ermənistan milli komandaları iştirak etdirlər.

Yığmamız sözü gedən rəqabətdə tam heyətdə təmsil olundu. Dünən Elman Muxtarovun (59 kq) sayəsində hesabına 1 bürünc medal yazan seçməmiz, bu gün ən azından 1 gümüş medalı özünə təmin etdi. 66 kq-da çıxış edən Azad Əliyev finala qədər maneəsiz irəlilədi. Həmyerlimiz 1/2 finalda yerli idmançını üstələdi. 1-ci yer üçün görüşdə bahadırımız gürcüstanlı həmkarı Marat Abuladze ilə qarşılaşdı. Üstün çıxış edən pəhləvanımız fəxri kürsünün ən qüksək pilləsinə çıxdı.

Niyaməddin İbrahimovun (75 kq) da həlledici mərhələyə adlamaq imkanı vardı. Amma hakimin rəqib güləşçiyə tərəfkeşlik etməsi, onun final yolunu bağladı. Saat 17:30-da təşkil olunacaq axşam tutaşmalarında o, 3-5-ci yerlə uğrunda mübarizə apardı. Onun rəqibi Yaponiya idmançısı oldu. Təəssüf ki, təmsilçimiz bu şansını da boşa verdi.

Orxan Nuriyev (85 kq) və Valera Rodriqes (130 kq) startda məğlub olaraq, yarışla erkən vidalaşdılar.

Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və bahadırlarımız ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayırlar.

Hakimlər briqadasında beynəlxalq dərəcəli referi Kamran Əliyev yer alıb. Həmyerlimiz FİLA-nın ən gənc hakimi sayılır.

Kamran HACI
Tehran

Xəbər 1186 dəfə oxundu.