İlk gündə 1 bürünc medal - YENİLƏNİB
Bu gün Tehranda yunan-Roma güləşçiləri arasında ənənəvi "Yadigar İmam Kuboku" beynəlxalq turniri start götürdü. İdman.com.az saytı xəbər verir ki, sayca 34-cü dəfə keçirilən yarışda 11 ölkənin - İran, Azərbaycan, Türkiyə, İraq, Ukrayna, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Gürcüstan, Macarıstan, İsveç və Ermənistan milli komandaları iştirak edirlər.

Yığmamız bu rəqabətdə tam heyətdə təmsil olunur. İlk gündə bizdən 4 bahadır mübarizə apardı. 3 pəhləvanlarımız gərgin tutaşmalarda məğlub olsa da, mükafata layiq yer tutmaq imkanını saxladı.

Elman Muxtarov (59 kq) bürünc medal üçün yerli idmançı Museyib Əkbəri qarşılaşdı. Üstün güləşən həmyerlimiz rəqibini 8:0 məğlub edərək, görüşü erkən bitirdi.

Təəsssüf ki, Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) İran səddlərini keçə bilmədilər. Hacımurad Bağmanovun (71 kq) opponenti finala çıxmadığından, o, təsəlliverici görüşlərə qatılmaq imkanını itirdi.

Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və bahadırlarımız ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayırlar.

Hakimlər briqadasında beynəlxalq dərəcəli referi Kamran Əliyev yer alıb. Həmyerlimiz FİLA-nın ən gənc hakimi sayılır.

Kamran HACI
Tehran

Xəbər 1657 dəfə oxundu.