Hicran Şərifov: «İmam Yadigar kuboku əlamətdar olacaq»
«İran paytaxtı Tehranda keçiriləcək yunan-Roma güləşçiləri arasında 34-cü İmam Yadigar kuboku əlamətdar olacaq. Beynəlxalq Güləş Federasiyasının ötən ilin sonunda qaydalarda etdiyi dəyişikliklər, ilk dəfə olaraq bu yarışda tətbiq olunacaq». Bunu idman.com.az saytının Tehrana ezam olunmuş əməkdaşına olimpiya dərəcəli hakim Hicran Şərifov dedi.

Adı çəkilən yarışın FİLA nümayəndəsi bildirdi ki, İranı səfəri ilk dəfə deyil. Əvvəl bir neçə şəhərdə keçirilmiş turnirdə hakimlik edib, beynəlxalq təşkilatın texniki təmsilçisi olub. Amma bu rəqabət, yaxşı cəhətdən, digərlərindən fərqlənəcək. Sitat:

«34-cü İmam Yadigar kubokuna 12 ölkənin komandası gəlib. Mükafat fondu qənaətbəxşdir. İlk pilləni tutan 5000, 2-ci yerə çıxan 3000, 3-cü sıranı tutanlar güləşçilər hərəyə 2000 dollar qazanacaqlar.

Təşkilatçılıq yüksək səviyyədədir. Yarış 5000 tamaşaçı tutumuna malik Tehranın aparıcı idman arenasında keçiriləcək. Mübarizə 4 güləş döşəyində aparılıcaq. Bu gün yarışla bağlı seminar keçirdim. Turnirin hakimlərinə yeni qaydalarla bağlı bilgi verdim. İnanıram ki, hər şey yüksək həddə tamamlanacaq.

Təbii, dəyişiklikdən sonra yeni qaydalarla ilk dəfə keçiriləcək yarışın FİLA nümayəndəsi azərbaycanlı hakimin olması sevindirici məqamdır. Mən bundan qürur duyuram. Bu etimadı sonadək yüksək səviyyədə doğrultmağa çalışacağam».

Kamran HACI
Tehran

Xəbər 1172 dəfə oxundu.