Məhəmmədrəsul Məcidov: «Qələbəmdə azarkeşlər böyük rol oynadılar»
«Görün nə qədər azarkeş var! Mən qələbəni onların hesabına qazandım». Bu açıqlamanı idman.com.az saytına boks üzrə dünya çempionu Məhəmmədrəsul Məcidov verib. Finalda ingiltərəli rəqibi Entoni Coşuanı 22:21 hesabı ilə məğlub etmiş super ağır çəkili idmançımız, ən çətin döyüşünün həlledici qarşılaşmada olduğunu deyib: «Çətin görüşlər keçirdim. Ən ağır mübarizə finalda oldu. Rəqibimi heç tanımırdım. İngiltərəli həmkarım çox dayanaqlı idi. İlk raundda xalda geridə olsam da, toparlanıb, sonradan vəziyyəti xeyrimə dəyişə bildim. Hakimlərdən də razıyam. Onlar ədalətli qərralar çıxardıldar».
Titulu boksçu Bakıdakı uğuru London olimpiadasında da təkrarlamaq niyyətindədir: «İlk dəfə belə mötəbər mübarizəyə qatılırdım. Debütdə müvəffəqiyyət qazandığıma görə çox sevinirəm. Düzü, dünya çempionu olduğuma hələ də inanmıram. Arenada böyük izdiham var. Bu cür dəstəyin qarşısında uduzmaq günah olardı. Qarşıda məni daha məsul sınaq gözləyir. London olimpiadasında yalnız bir hədəfim var: dünya çempionatındakı uğuru orada da təkrarlamaq».

KAMRAN

Xəbər 1174 dəfə oxundu.