Azərbaycan boksçuları ümumkomanda hesabında üçüncü oldular

Heydər Əliyev adına İdman-Konsert Kompeksində boks üzrə dünya çempionatı başa çatıb. İki medal (1 qızıl və 1 gümüş) qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutmuşdur. Maqomedrəsul Məcidov (91 kq-dan çox çəki dərəcəsində) dünya çempionu olmuş, Teymur Məmmədov (91 kq) isə gümüş medal qazanmışdır.
M.Məcidov həm də çempionatın ən yaxşı boksçusu elan edilib.
Ukraynalılar inamlı qələbə qazanıblar (4-1-0), kubalılar isə ikinci yeri tutublar (2-1-0).
Dörd Azərbaycan idmançısı - Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Maqomedrəsul Məcidov (+91) fərdi olimpiya lisenziyası qazanıblar.
Azərbaycanın “Baku Fires” peşəkar boks klubunun nümayəndəsi Soltan Migitinov (75 kq) isə 2012-ci il Olimpiadasına lisenziyanı bu çempionatdan əvvəl qazanmışdı.
Ayrı-ayrı çəki dərəcələri üzrə dünya çempionu titulunu aşağıdakı idmançılar qazanıblar: 48 kq –Zu Şimin (Çin), 52 kq - Mişa Aloyan (Rusiya), 56 kq - Lazaro Alvares Estrada (Kuba), 60 kq - Vasili Lomaçenko (Ukrayna), 75 kq – Yevgeni Xitrov (Ukrayna), 81 kq - Xulio de La Krus Peraza (Kuba), 91 kq - Aleksandr Usik (Ukrayna).
Xatırladaq ki, bu çempionatda 2012-ci il Olimpiadasına 92 fərdi lisenziya oynanılırdı. Turnirə dünyanın 113 ölkəsindən 570 boksçu gəlmişdi. Görüşlər sentyabrın 26-dan oktyabrın 8-də keçirilib.

AzərTAc

Xəbər 1238 dəfə oxundu.