Legionerlərdən güclü olduğumu sübut edəcəyəm - MÜSAHİBƏ
"Lokomotiv"dən "Azərreyl"ə yenicə transfer olan Ayşən Abdulazımova idman.com.az saytına müsahibə verib. 20 yaşlı gənc voleybolçumuz yeni komandası haqqında danışıb, gələcək planlarını açıqlayıb.


- "Azərreyl"ə keçidiniz necə baş tutdu? Buna görə, tərəddüd etmədiniz?


- Heç bir tərəddüd etmədim. Çox sevindim, çünki "Azərreyl" in oyunçuları arasında milli komandamızın oyunçuları çoxluq təşkil edir. Bu da məni çox sevindirir. Hamımız bir yerdə məşq edirik. "Azərreyl" mənə doğma gəlir .

- Komandanızda güclülərin sayı çoxdur. Əminsiniz ki, bu sizi kölgədə qoymayacaq?

- Düzdür, komandamızda güclülər çoxluq təşkil edir. İnanmıram ki, bu kariyerama mənfi təsir göstərsin. Müsbət təsir göstərəcəyinə əminəm. Harda olmağımdan asılı olmayaraq kimlərə kölgə olmağı deyil, özümə daim kölgə yaratmağa çalışıram.

- Çox vaxt bizdə qadınların idman sahəsinə meyillənməsinə valideynlər etiraz edir. Belə hallarla rastlaşmamısınız ?

- Yox, heç vaxt belə hallarla rastlaşmamışam. Valideynlərim məni həmişə dəstəkləyiblər. Heç bir zaman voleybolda olduğuma görə, mane olmayıblar.

- Voleybola olan sevginiz hardan qaynaqlanır?

- Valideynlərim də idmançı olub. Özüm uşaqlıqdan bu idman növünün dəlisiyəm.

-Xarici klublardan sizə transfer təklifi gəlibmi?

-Yox, hələ ki, belə bir təklif gəlməyib.

-Gəlsə, gedərsinizmi?

- Əlbəttə. Qismət olsa istəyərəm gedim.

- Hansı xarici klubda oynamaq istərdiniz?

- Fənərbaxça voleybol klubunda.

-Öz çıxışlarınız sizi nə dərəcədə qane edir?

- Bu idmandı. Elə oyun olur ki, az, eləsi də olur ki, istəmədən çox səhv edirsən. İstəyərdim ki, oyunlarım səhvsiz olsun.

-Çıxış etdiyiniz komandada sizə qarşı münasibət necədir?

- Komandamızdan çox razıyam. Çox mehribandılar. Mənə qarşı da münasibət çox əladır. Özümü burada doğma hiss edirəm. Əsasən də gənclərin çoxluq təşkil etməsinə sevinirəm. Komanda ilə gündə iki məşqimiz olur. Səhər saat 10-dan axşam 4-də kimi, bəzən isə saat 11-dən 6-ya kimi davam edir. Səhər texnika ilə işləyirik, hərdən fiziki məşqlərimiz də olur. Hal-hazırda yeni heyət üzərində işləyirik.

- Necə fikirləşirsiniz, "Azərreyl" sizin kariyeranız üçün güclü komandadır?

- Belə düşünürəm ki, komandanın güclü olub-olmamağı, o qədər də vacib deyil. Vacib olan əsas altılıqda oynayıb təcrübə yığmaqdır. Deməzdim ki, zəif komandayıq.

-Kariyeranız barədə gələcək planlarınız?

- "Azərreyl"ə yeni keçmişəm. 3 il "Lokomotiv"də oynamışam. Hər 2 komanda əsas heyətdə oynayıb. İstəyirəm sübut edim ki, legionerlərdən zəif olmayan yerli voleybolçular da var. İlk öncə isə, istəyərdim ki, "Azərreyl"in avrokubokda ilk mükafatını almasında mənim də payım olsun.

-Ayşənin arzusu...

- Olimpiadaya düşməyimizi çox istəyirəm. İnşallah buna nail olarıq.

Aynurə Pənahqızı

Xəbər 1423 dəfə oxundu.