Dünya çempionatının növbəti finalçıları müəyyənləşib

Oktyabrın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində kişilər arasında boks üzrə dünya çempionatının 11-ci günü başa çatıb.

Uelsdən olan Endrü Selbi (52 kiloqramadək) özbək Cəsurbəy Latipova qalib gələrək (21:15) finala çıxıb. Finalda Endrü Selbi amerikalı Raşa Uorrenə 17:13 hesabı ilə qalib gələrək 2009-cu ilin dünya çempionatının bürünc mükafatına layiq görülmüş rusiyalı Mişa Aloyanla görüşəcək.

60 kiloqram çəki dərəcəsində ukraynalı Vasili Lomaçenko yarımfinalda italyan boksçu Dominiko Valentinoya 17:11 hesabı ilə qalib gəlib. Həlledici döyüşdə onun rəqibi kubalı Toledo Lopes olacaq. Kubanın nümayəndəsi qazaxıstanlı Qani Jaylauovu 21:9 hesabı ilə udub.

69 kiloqramadək çəki dərəcəsində Qazaxıstan nümayəndəsi Serik Sapıyev litvalı Kavalauskas Egidiusa 8:2 hesabı ilə qalib gəlib. Bu çəkidə ukraynalı Taras Şelestyuk da hindistanlı Krişan Vikası 15:12 hesabı ilə məğlub edib.

81 kiloqram çəki dərəcəsində 2009-cu ilin dünya çempionu rusiyalı Yeqor Mexontsev yarımfinalda kubalı Xulio la Kruza 15:21 hesabı ilə uduzub. Kubalı boksçu qızıl medal uğrunda özbək Elşod Rəsulovu 11:9 hesabı ilə udmuş qazaxıstanlı Adilbəy Niyazimbetovla döyüşəcək.

91 kiloqramdan çox çəki dərəcəsində Azərbaycan boksçusu Maqomedrəsul Məcidov və ingilis Entoni Coşua finala çıxıblar. M.Məcidov finala çıxmaq uğrunda döyüşdə 16:9 hesabı ilə Qazaxıstan idmançısı İvan Dıçkoya, E.Coşua isə 4:1 hesabı ilə alman Erik Pfayferə qalib gəliblər.

Xəbər 1093 dəfə oxundu.