Daha bir uğurlu idman ilinə yekun vuruldu | |
Gənclər və İdman Nazirliyi 2013-cü ilin ən yaxşılarını mükafatlandırdı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 2013-cü ilin idman yekunlarına, ənənəvi olaraq, təntənəli mərasimlə yekun vurub. Dekabrın 23-də “Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə təşkil edilmiş beynəlxalq turnirlər və idmançılarımızın qazandığı nailiyyətlər barədə videoçarx nümayiş olunub. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olub. 2013-cü ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 298 respublika yarışı (2012-ci ildə 150 yarış) təşkil edilib. 57 beynəlxalq yarış (2012-ci ildə 35 yarış) keçirilib. Xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq yarışda isə (2012-ci ildə 250 yarış) ölkə yığma komandalarının iştirakı təmin olunub. 2013-cü il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə 782 medal (2012-ci ildə 735 medal- 255 qızıl, 244 gümüş, 236 bürünc) əldə edilib. Bunlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) olimpiya, 486 medal isə (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-olimpiya idman növlərində olub. 2003-2013-ci illərdə ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal qazanılıb. İdman növləri üzrə yığma komandalar, hər biri 12 gündən az olmayaraq, 154 təlim-məşq toplanışında (2012-ci ildə 83 toplanış) iştirak edib. Bu təlim-məşq toplanışlarından 103-ü Azərbaycanda, 51-i isə xarici ölkələrdə keçirilib. Təlim-məşq toplanışlarında ümumilikdə 6 min nəfərədək idmançı iştirak edib. 2013-cü ildə idmançılarımız İslam Həmrəyliyi Oyunlarında və Yay Universiadasında uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəldiblər. Respublikamızın idman ölkəsinə çevrildiyini diqqətə çatdıran Azad Rəhimov növbəti illərdə Azərbaycanda Dünya İdman Jurnalistləri Assosiasiyasının 77-ci konqresinin, Birinci Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər yarışların keçiriləcəyini qeyd edib. Bütün bunların ölkəmizdə təşkil olunması respublikamızda gedən dinamik inkişafdan xəbər verir. Bu səbəbdən ali idman qurumları çəkinmədən mötəbər yarışların Azərbaycanda təşkil olunmasına maraq göstərirlər. Nazir Azad Rəhimov qeyd edib ki, ölkəmizdə idman siyasətinin banisi ümummilli lider Heydər Əliyev olub. Ulu öndərin yaratdığı idman strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verilib. Ç.Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə gün öncə Qusarda yüksək zirvədə idmançılarla görüşərək, onları mükafatlandırmasının rəmzi məna daşıdığını bildirdi. İdman ictimaiyyətimizin nümayəndələrini qarşıdan gələn yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edən Çingiz Hüseynzadə qarşıdakı ilin də idmanımız üçün uğurlu olacağına inandığını qeyd etdi. Sonra ilin ən yaxşıları elan edildi. Əvvəlcə Azərbaycan Boks Federasiyası ilin ən yaxşı federasiyası, Azərbaycan Güləş Federasiyası yarışların yüksək səviyyədə təşkil olunmasına görə, “Neftçi” İdman Sağlamlıq Mərkəzi və “Ümid” idman klubu ən yaxşı idman klubu, Kürdəmir Olimpiya İdman Kompleksi ilin ən yaxşı idman qurğusu seçiliblər. Məşqçilər Yadigar Məmmədov (boks), İsmayıl Çöpsiyev (yunan-Roma güləşi), idmançılar Məhəmmədrəsul Məcidov (boks), Elxan Məmmədov (cüdo), Cavid Çələbiyev (boks), Orxan Səfərov (cüdo), Xetaq Qazyumov (sərbəst güləş), Teymur Məmmədov (boks), Firudin Quliyev (ağır atletika), Radik İsayev (taekvondo), Rafael Ağayev (karate) və İlham Zəkiyev (paralimpiya, cüdo) ilin ən yaxşıları elan olunublar. Mükafatçıların şərəfinə tort kəsilib. Daha sonra 2013-cü ildə bədən tərbiyəsi və idmanın təbliğində fərqlənənlər təltif olunublar. İdmanı ən yaxşı işıqlandıran telekanal İctimai Televiziya, ən yaxşı jurnalistlər isə televiziyalar üzrə Vüqar Nəzərov (İdman-Azərbaycan), qəzet və saytlar üzrə Aysel Sultanova (“Olimpiya dünyası” qəzeti) seçiliblər. 1news.az ən yaxşı informasiya agentliyi, “Futbol+” ilin ən yaxşı idman qəzeti kimi fərqlənib. 2013-cü ildə idman mövzusunda yazılan ən yaxşı kitab seçilən “İdmanın böyük himayədarı” kitabının müəllifi Qabil Mehdiyev isə ilin ən yaxşı idman yazarı mükafatına layiq görülüb. Tədbir konsert proqramı ilə başa çatıb. |
|
Xəbər 4515 dəfə oxundu. |
|
|