Sofiyaya gedənlər bəlli olur
“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 137 dəri əlcək ustası mübarizə aparır. Yarışın ilk günündə 56, 60 və 64 kq çəki dərəcələrində ilkin mərhələnin döyüşləri keçirilib. Milli komandamızın üzvlərindən Xəyyam Məmmədov, Elməddin İsmayılov (hər ikisi 56 kq), Nurlan Nağıyev, Cavid İsgəndərzadə (hər ikisi 60 kq), İsmayıl Hüseynov (64 kq) öz döyüşlərini qələbə ilə başa vurublar. Yarışa yanvarın 13-də yekun vurulacaq. Qeyd edək ki, bu turnirdən sonra milli komandamızın yeni heyəti müəyyənləşəcək və həmin boksçular apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcəklər. Dünya birinciliyi avqustun 23-27-də Çinin Nianyanq şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıdığından böyük əhəmiyyət kəsb edir.

Xəbər 786 dəfə oxundu.