Teymur Məmmədov: «Kubalılara qarşı döyüşmək üçün cəsarət və dözümlülük lazımdır»
Bakıda təşkil olunan boksçular arasında dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazandı. Bu uğura 91 kq-da çıxış edən gənc idmançımız Teymur Məmmədov imza atdı. 1/4 finalda kubalı rəqibini bir çox cəhətlərdə üstələyərək mötəbər yarışa xüsusi rəng qatan boksçumuz, London olimpiadasına lisenziya almaqla yanaşı, ən azı bürünc medalı özünə təmin etdi. Döyüşdən sonra rinq ustamız idman.com.az saytının əməkdaşına müsahibə verdi:

- Teymur, qələbə münasibəti ilə səni təbrik edirik. Bu çətin keçən görüş barəsində nə deyə bilərsən?

- Yarımfinala adladığıma görə şadam. Olimpiadaya lisenziya qazandım. İndi rahat ola bilərəm. Düzü, qələbəyə inanırdım.

- Razılaşaq ki, rəqibin də çox güclü idi.

- Bildiyimiz kimi, kubalı boksçular bütün yarışlarının əsas favoritlərindən sayılırlar. Onlara qarşı döyüşmək xüsusi cəsarət və dözümlülük tələb edir. Xose Lardueti dünya və olimpiya oyunlarının iştirakçısı olub. Onun təcrübəli olmasına rəğmən, qalib gəldiyimə üçün çox şadam.

- Nədər narazı qaldın?

- Hakimlər döyüşü elə də ədalətli idarə etmədilər. Rəqibim mənə qaydalardan kənar bir zərbə vurdu. Hakimlər buna görə kuba idmançısına xəbərdarlıq verməli idilər. Amma bu, olmadı.

- Teymur, kuba boksçu 91 kq çəkidə əsas lider hesab olunurdu. İndi ona qalib gəldin. Demək, qızıl medala doğru yol da açıldı...

- Bu il Avropa çempionu oldum. Çox istərdim ki, eyni uğuru dünya çempionatında da gerçəkləşdirim. Finala çıxmağıma əminəm. Məncə, digər tərəfdən həlledici döyüşdə ukraynalı boksçu vəsiqə qazanacaq. Allahın köməkli ilə o görüşü də udaram.

Kamran HACI

Xəbər 1310 dəfə oxundu.