Fikrət İlyas oğlu Adıgözəlov
Fikrət İlyas oğlu Adıgözəlov 1961-ci ildə anadan olub.

1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini fərqlənmə ilə bitirib. Hələ tələbəlik illərində Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində əməkdaş kimi jurnalist fəaliyyətinə başlayıb. Müxtəlif mövzularda məqalələri “Bakı”, “Kommunist”, “Azərbaycan gəncləri” və başqa qəzetlərdə dərc olunub.

Ali məktəbi bitirəndən sonra Teleradio Verilişləri Komitəsinin İdman proqramları baş redaksiyasında kiçik redaktor kimi fəaliyyətə başlayıb. Sonradan redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb.

Hazırda Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “İdman-Azərbaycan” kanalının şərhçisidir. “İdman icmalı” və “Olimp” proqramlarının müəllifi, kütləvi-tematik verilişlərin aparıcısıdır. İdmanın ən müxtəlif növləri üzrə beynəlxalq və respublika miqyaslı yarışlardan reportajlar aparır. Həmin yarışlardan Rusiyanın “NTV-sport” kanalı üçün də videomateriallar hazırlayır.

İdman jurnalisti kimi dünyanın 50-dək ölkəsində ezamiyyətdə olub, Türkiyə, ABŞ, Kanada, Yaponiya, Almaniya, İngiltərə, Finlandiya, Çexiya, İsrail, İtaliya, ÇXR, İspaniya və b. ölkələrdə Azərbaycan idmançılarının iştirakı ilə beynəlxalq yarışlardan, dünya və Avropa çempionatlarından, Olimpiya oyunlarından proqramlar, reportajlar hazırlayıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının keçirdiyi rəy sorğularına əsasən müxtəlif nominasiyalar üzrə dəfələrlə qalib gəlib.

Xəbər 11109 dəfə oxundu.