«Qış yuxusu» ərəfəsində qabardılan məsələlər
... Belə olduqda, yarışda Avropa Kubokları zonasından geri qalanlar tam rahatlıqla heç də futbola xeyir gətirməyəcək planlar üzərində fəaliyyətə keçir və bəzi məqamlarda idman prinsiplərindən kənara çıxa bilirlər... ... Belə olduqda, yarışda Avropa Kubokları zonasından geri qalanlar tam rahatlıqla heç də futbola xeyir gətirməyəcək planlar üzərində fəaliyyətə keçir və bəzi məqamlarda idman prinsiplərindən kənara çıxa bilirlər...

Futbol klublarımızın Premyer Liqa yarışının birinci mərhələsi və ya çempionatın ilk iki dövrəsi geridə qaldı. Bu vaxta qədər keçən mübarizəyə nəzər salsaq, yarışın bu mərhələsinə qədər komandaların turnir cədvəlində yerləşdiyi ardıcıllıq tam qanunauyğundur. Amma yarışın gedişinə baxanda, son iki tur klubların vəziyyətinin nə qədər qarmaqarışıq olduğunu bir daha əyani göstərdi və bəlkə də elə bu iki tur onlara görülməli işlərin əhatə dairəsini bir daha nümayiş etdirdi.

Digər rəqiblərinə nəzərən mövsümün nisbətən sabit oyun tərzi ilə seçilən komandası «Qarabağ»ın durğunluq ərəfəsində olduğu aşkar görünür. Tam fərqli formatda keçirilən bu mövsümün ilk hissəsi gələcəkdə ağdamlıların büdrəyə biləcəyini gə əyani göstərdi. Çünki son iki dövrənin gərgin keçəcəyi ilə bağlı proqnozlar eşidilməkdədir. Artıq qeyri-idman təsirləri ilə hər hansı komandanın çempion edilməsi ittihamı səsləndi. Bundan həm PFL, həm də AFFA ehtiyatlanmalı və qarşıdakı mübarizə dövrü üçün oyunlara ciddi nəzarət tədbirləri görməlidirlər. Çünki bu kimi ittihamlar ilk növbədə hakimlərə təzyiq və onların səhvlərə meylli olmasının başlıca səbəbidir.

Qış fasiləsi ərəfəsində mənzərə bir qədər qarışıqdır. İlk baxışda, həlledici mərhələ üçün prinsipial rəqiblər məlumdur – sıra ilk 3 komanda ilə tamamlanır. Lakin klublarımızın bir dövrədən digərinə qəribə təzadlarla, uçurumlarla daxil olmalarını nəzərə alsaq, hər şey mümkündür. Üstəlik, klublarımız sıx olmayan təqvimdə sabit tərzdə, eyni səviyyədə oynaya bilmirlərsə, bir-biri ilə daha iki duelin mübarizəsinə hazır olmalıdırlar. Buna görə də, imkan və fürsətdən danışarkən, «İnter»lə «Bakı»nı siyahıdan tam silmək olmaz. Əlbəttə, «Xəzər Lənkəran»da bu siyahıda qalır. Lakin çempionat yürüşündən onun kənar qalması ehtimalı yüksəkdir. Bu məqamda kubok yarışı gündəmə xüsusi təbirlə daxil olacaq. Son 3 klubun ən əsas vəsiqə şansı məhz bu yarışdır. Əlbəttə, iki paytaxt klubu üçün kubokun finalında özləri olmasalar da, özlərindən öndə gedənlərin olması da vacib əhəmiyyət kəsb edəcək. Lakin bu iki komanda səbətin eyni gözündə, «Xəzər Lənkəran» isə əks qütbündədir. Deməli, hesablamalar yalnız cənub klubunun geridə qalması üzərində qurulacaq. «Bakı» ilə «İnter» isə 4-cü olaraq, həm də kubokun finalına çıxmağa cəhd göstərməlidirlər. Lakin onlar üçün bu mərhələnin də xeyirli olmayan məqamları var.
Əlbəttə, bu hesablamalar komandaların qış fasiləsi üçün tədbirlərinin bir hissəsi olacaq. Kubokla bağlı tam hesablamalar çempionatda bəzi problemlərin çözülmüş mənzərəsi ilə tam gündəmə mart ayında gələcək.

Bu hesablamalar Azərbaycan çempionatının illərlə davam edən natamamlıq düşüncə tərzinin əsas tərkib hissəsidir. Klublar heç də uzunmüddətli strateji plan cızmadan yalnız mövsüm və ya mövsümün bir hissəsi üçün niyyət müəyyən edirlər. Ən pisi isə odur ki, bu planlar yalnız lokal, yerli xarakter daşıyır. Məsələn, ilk üçlükdə yer alan klubların Avropa klub kuboklarında iştirak ehtimalı 80 faizdən yüksəkdir. Hətta belə olduqda, bu komandalar üzlərini «Əski dünya»ya tərəf çevirib yola çıxa bilmirlər. Bu məqamda əsas məsələ transferlərdir. Klublarımız yenə Türkiyənin Aralıq sahillərinə boyca düzülüb gətirilən üçüncü-dördüncü növ futbolçuları ya sınaqdan çıxaracaq, ya da birbaşa müqavilə imzalayacaqlar. Hələ ki, hansısa klubdan bunun əksini göstərəcək hərəkət müşahidə olunmur.

Bu yarışın ən özəl məqamı onu tərk etməmək uğrunda yarışacaq komandaların sırasının dar olmasıdır. Onlar xal paylayıb, xal qoparmağa çalışacaqlar. İlk növbədə məhz elə buna görə, çempionatda klubların sayının azaldılması fikrini səsləndirirdik. Belə olduqda, yarışda Avropa Kubokları zonasından geri qalanlar tam rahatlıqla heç də futbola xeyir gətirməyəcək planlar qurur və bəzi məqamlarda idman prinsiplərindən kənara çıxa bilirlər. Azərbaycanda futbolun inkişafını düşünməli olan AFFA isə əksinə, çempionatda ortababların sayını artırmaqla və onlara təşkilati dəstək göstərməklə istəyinə nail ola bilərdi. Çünki, bu mövsüm vaxtilə Azərbaycanda orta səviyyə üçün futbolçu yetişdirməkdə ixtisaslaşan «Muğan»-«Rəvan» tandemini, ya da hələ Sovetlər dövründən futbolçu yetişdirən Sumqayıt məktəbini, Tovuz və Gəncənin ardınca quyunun lap dibi olan aşağı diviziona yollayacaq...

Məsələni elə burada açıq qoyaq və diqqəti ta fevralın 1-dək davam edəcək «qış yuxusu» macəralarına yönəldək.

BATI YAR, «İdman» qəzeti

Xəbər 894 dəfə oxundu.