Natəvan Qasımova: «9-cu yerə layiq deyildik»
Milli komandanın voleybolçusu Natəvan Qasımova yığmamızın Avropa çempionatındakı çıxışını dəyərləndirib. 25 yaşlı toppaylayıcı «İdman» qəzeti və idman.com.az saytının əməkdaşına verdiyi açıqlamada bildirib ki, onlar bu yarışa iddialı yollanmışdılar: «Doğrusunu deyim, Avropa çempionatına yollananda hədəfimiz ən azından ilk 4-lüyə düsmək idi. Keçirdiyimiz çoxsaylı və yüksək səviyyəli təlm-məşq toplanışları da bunu söyləyirdi. Düzdür, hazırlığa bəzi voleybolçular zədəli qatılmışdılar. Amma yoxlama matçlarında yaxşı təsir bağışlayırdıq və yarışda qələbəyə inamımız vardı. Lakin bu gün həqiqət ondan ibarətdir ki, Avropada Azərbaycan deyəndə nədənsə, hamı çəkinir. Bizimlə oynayacaq komandalar görüşə, sanki həyatlarında ən son görüşə çıxırlarmış kimi hazırlaşırlar».
Təcrübəli voleybolçu onu da qeyd edib ki, çempionatda başlanğıc çox vacibdir: «Əlbəttə, startda sərfəli nəticə gələcək oyunlar da uğura yardımçı olur. Türkiyə kollektivi ilə görüşdə qələbəni onlara öz əlimizlə «hədiyyə» etdik. Adi səhvlər ucbatında məğlub olduq. Bu, psixoloji olaraq hamını çox geri saldı. Hardan baxsaq görərik ki, keçirdiyimiz bütün oyunları setin sonlarında etdiyimiz səhvlər üzündən uduzuruq. Həlledici məqamda 1 top yanlışlığı sənə baha başa gəlir. Fikrimcə, bir az təcrübəsizlik də burada rol oynadı. Hər halda, əldə etdiyimiz nəticəni pis saymıram. Qitədə bəzi komandaları gerıdə qoya bilmişiksə, o da boyük isdir. Ancaq yenə deyirəm, 9-cu yerə layiq deyildik. Nə edək? Qısmət».
İtaliyada çempionatı başa vuran millimiz Vətənə dönərkən, Natəvan onlarla birgə olmayıb. 25 yaşlı voleybolçu Türkiyəyə yolanıb; şərəfini qoruduğu «Bakı» klubunun məşqlərinə qatılıb. Bir müddətdir İstanbulda qərarlaşan paytaxtılar «Vəqfbank» və «Qalatasaray» komandaları ilə yoldaşlıq matçında qüvvəsini sınayıb. Qasımovanın sözü görə, növbəti rəqib «Fənərbağça»dır: «Bildiyiniz kimi, «Bakı» klubunun builki hədəfləri böyükdür. Komandamız öncə «Celleng Cup» turnirini, sonra Azərbaycan çempionatını qazanmaq istəyir. Bunun üçün çox məşq etməli, yetərincə yoxlama matçları keçirməliyik».

KAMRAN

Xəbər 1429 dəfə oxundu.