Pantiç: "İlk görüşdəki məğlubiyyətdən nəticə çıxarmışıq"
Topaz Premyer Liqanın 17-ci turunda sabah "Qarabağ"ı qəbul edəcək "Bakı" oyunöncəsi son məşqinə çıxıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, məşqdən sonra komandanın baş məşqçisi Milinko Pantiç oyun haqda fikirlərini açıqlayıb:

“Bu gün üçün ən çətin görüşümüzdür. Çünki, çempionatın lideri və ən yaxşı komandasına qarşı oynayacağıq. Bütün bunlar çox gərgin qarşılaşma və mübarizə vəd edir. Rəqibə böyük hörmətlə yanaşıram. Amma “Bakı”nın da gözəl oyun göstərmək imkanları genişdir.

“Qarabağ”la ilk dövrədəki oyunun (3:0) ilk 45 dəqiqəsi burada olduğum müddətdə ən pis çıxışımız olub. Lakin sabahın tarixi, ab-havası başqa cür olacaq. İlk görüşdəki məğlubiyyətdən nəticə çıxarmışıq.

Meydana çıxacaq futbolçular ölüm-dirim savaşına belə hazır olmalıdır. Sabahkı qarşılaşmada Əfran İsmayılovun meydana çıxıb-çıxmayacağını bilmirəm” - deyə o bildirib.

Xəbər 1222 dəfə oxundu.