Bakı rinqinə çıxan hər üç erməni döyülüb
Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatında 4 gün geridə qalıb. Təəssüf ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov italiyalı Danilo Kreatiyə 13:19 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Bu çəki dərəcəsində digər maraqlı görüşlərə gəlincə, yarışın favoritlərindən olan rusiyalı Andrey Zamkovoy nigeriyalı Mustafa Abdulayeyə heç bir şans verməyib. 2009-cu ildə Milanda dünya çempionatının gümüş medalını qazanmış Zamkovoy 14:2 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə əldə edib. Onun növbəti rəqibi monqolustanlı Tuvşibat Byamba olacaq. Tuvşibat isə Heydər Əliyev adına İdman-Konsert Kompleksinə toplaşmış azarkeşləri sevindirə bilib. Belə ki, monqolustanlı boksçu Ermənistan komandasının üzvü Samvel Matevosyanı 21:11 hesabı ilə üstələyib. Qeyd edək ki, Bakıda rinqə çıxan 3 erməni boksçusunun hamısı məğlub olub. 2 qat dünya çempionu Serik Sapiyev Bakıdakı yarışa inamlı qələbə ilə başlayıb. Qazaxıstan idmançısı ekvadorlu Karlos Sançesi nokauta salıb. Avropa çempionatının mükafatçısı Taras Şelestyuk da ilk döyüşünü qalibiyyətlə bitirib. Ukrayna boksçusu danimarkalı Torben Kelleri 23:8 hesabı ilə məğlub edib. Pekin Olimpiadasının bürünc mükafatçısı Aleksis Vastin də növbəti mərhələyə vəsiqə qazanıb. O, ingiltərəli Skot Kardle üzərində qələbə qazanıb. Ankaradakı Avropa çempionatında gümüş medal qazanmış Maqomed Nuriddinov ilkin mərhələni itkisiz başa vuranlar arasındadır. Belarus boksçusu albaniyalı Astmer Bilalini 16:7 hesabı ilə məğlub edib. WSB liqasında “Baku Fires” klubunun heyətində çıxış etmiş Nuriddinovun növbəti rəqibi hindistanlı Krişan Vikas olacaq.

Azərbaycan idmançılarının növbəti rəqibləri

49 kq – Salman Əlizadə - Abdeali Daraa (Mərakeş) - 3 oktyabr
52 kq – Elvin Məmişzadə - Françesko Torrijos (İspaniya) – 2 oktyabr
60 kq – Elvin İsayev – Reduan Kaya (İsveç) – 1 oktyabr
64 kq – Heybətulla Hacəliyev – Əli İslam (Misir) – 30 sentyabr
81 kq – Ramil Əliyev – Rasul Yuldaşev (Türkmənistan) - 2 oktyabr
91 kq – Teymur Məmmədov – Emmanuel Anderson (Barbados) – 3 oktyabr
+91kq – Məhəmmədrəsul Məcidov – Sərdor Abdullayev (Özbəkistan) – 2 oktyabr

Elnur Məmmədli
ABF-in mətbuat katibi

Xəbər 1315 dəfə oxundu.