Futzal üzrə UEFA Kuboku yarışlarının final mərhələsi Bakıda keçiriləcək
Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kuboku yarışlarının final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması üçün AFFA UEFA-ya müraciət etmişdi.

Avropa futbol qurumunun ekspertləri bununla bağlı Bakıda monitorinq aparmışdı. Monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin iclasında təqdim olunmuş və hesabata əsasən futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması ilə bağlı qərar qəbul edilmişdir.
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin apreldə “Sərhədçi” İdman Olimpiya Kompleksində keçiriləcəkdir.

Qeyd edək ki, “Araz” əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın “Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın “Qyor ETO” klubuna 5:0, Portuqaliyanın “Sportinq” kollektivinə isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanmışdı.


Xəbər 661 dəfə oxundu.