İsgəndər Əsgərov: «İnanırıq ki, məşqçilər heyəti öz işinin öhdəsindən layiqincə gələcək» - MÜSAHIBƏ


Noyabrın 2-dən 14-dək Fransanın paytaxtı Parisdə ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Ağırlıqqaldırma üzrə yığma komandamız yarışlara hazırlıqla bağlı bir müddətdir ki, xüsusi məşqlər keçir. Məlumat üçün bildirək ki, ağırlıqqaldırma üzrə yığmamıza hələlik baş məşqçi təyin olunmayıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov www.idman.com.az saytına verdiyi müsahibəsində yığma üzvlərinin dünya çempionatına hazırlıqla bağlı heç bir probleminin olmadığını və yarışlara hazırlığın lazımi səviyyədə həyata keçirildiyini bildirdi.



- İsgəndər müəllim, qarşıdakı dünya çempionatı lisenziya xarakterli olduğundan yığma komandamız qarşısında daha ciddi vəzifələr qoyur. Sizcə, ağırlıqqaldıranlarımız bunun öhdəsindən gələ biləcəklərmi?

- Əslində, bu, lisenziya xarakterli dünya çempionatı olduğu üçün ona hazırlıq çoxdan başlayıb. Çünki Olimpiya oyunlarına lisenziya iki dünya çempionatının nəticələrinə görə verilir. İdmançılarımız 2010-cu ildə Antalyada keçirilmiş dünya çempionatında iştirak ediblər. Orada 65 xal yığaraq, 4 lisenziyaya namizədliyimizi təmin etmişik. Parisdə keçiriləcək dünya çempionatında əldə edəcəyimiz xallara əsasən, lisenziyalarımızın sayı müəyyənləşəcək. İdmançılarımızın hər biri öz üzərində ciddi çalışır. Onlar ən azı ilk altılıqda yer almalıdırlar ki, əldə edilən xallar 5 lisenziya uğrunda mübarizəni təmin etsin. Ən azı 1 medalımız da olmalıdır. Belə olarsa, onda lisenziya xallarımız da yüksək olar. Düşünürəm ki, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik.

- Yığma komandamızın üzvləri barəsində nə deyə bilərsiniz. Onların arasında yer alan gənclərə hansı ümidlər bəslənilir?

- Kişilərdən ibarət komandamızda 8, qadınlarda isə 2 idmançımız mübarizə aparacaq. Kişi komandamızın tərkibində 6 nəfər lisenziya uğrunda, 2 ağırlıqqaldıran isə sadəcə mükafata layiq yerlər əldə etməyə çalışacaqlar. Qadınlardan ibarət komandada çəmi iki qadının ölkəmizi təmsil eiməsi planlaşdırılır: Silviya Anqelova Antalya keçirilmiş dünya çempionatında 22-yeri tutmaqla 3 xal əldə etmişdi. Yuliya Dovqal isə komandamızın adından ilk dəfə çıxış edəcək. Qadınlarımızın lisenziya əldə etməsi üçün daha bir şansları olacaq. Belə ki, onlar gələn il Antalyada keçiriləcək Avropa çempionatında yüksək nəticələr qazana bilsələr, London Olimpiadasına lisenziya əldə edəcəklər.

Hazırda yığma komandamızda istedadlı gənc ağırlıqqaldıranlarımız var. Onlardan Nailxan Nəbiyevi (yeniyetmələr arasında Avropa çempionu), Elxan Əliqululizadə, Firidun Quliyevi və Nicat Rəhimovu xüsusi qeyd etmək istərdim. Onlara da böyük ümidlərimiz var. Bu idmançılarımızın hər biri artıq beynəlxalq arenalarda keçirilən yarışlarda öz sözlərini deyiblər.

- Dünya çempionatında iştirak edəcək ağırlıqqaldıranların dəqiq siyahısı nə vaxt müəyyənləşəcək?

- Oktyabrın 21-də yoxlama testi keçiriləcək və kimlərin bu mötəbər yarışda ölkəmizi təmsil edəcəkləri tam dəqiqləşəcək.

- Yığmanı dünya çempionatına hazırlaşdıran məşqçilər heyəti haqqında nə deyə bilərsiniz. Yığmada baş məşqçinin olmaması çətinliklər törətmir ki? Yaxın zamanlarda baş məşqçinin təyin olunması planlaşdırılırmı?

- 4 nəfərdən ibarət məşqçi heyəti - Nizami Paşayev, Xannar Nəbiyev, Maqsum Həsənov, Zladan Vasilyev planlı şəkildə dünya çempionatına hazırlığı davam etdirirlər. Dünya çempionatına çox az bir vaxt qalır. Heç kim bu məsuliyyəti öz üzərinə götürmək istəmir. Əslində, bu doğrudan da, çox ağır və məsuliyyətli işdir. Bunu öz üzərinə götürən şəxs, əmin olmalıdır ki, qısa müddət ərzində bu işin öhdəsindən gələcək. Yəqin Olimpiadaya qədər baş məşqçi problemi həll olunacaq. Baş məşqçimizin olmaması heç bir problem yaratmır. Məşqçi heyətinin tərkibində bacarıqlı məşqçilər yer alıb. İnanırıq ki, məşqçilər heyəti öz işinin öhdəsindən layiqincə gələcək.

Söhbətləşdi: Leyla QURBANOVA

Xəbər 1537 dəfə oxundu.