Londonda Namiqi keçən olacaqmı?
Onun nailiyyətləri hələ də təkrarolunmazdır İdmançılarımız artıq xeyli müddətdir ki, London olimpiadasına lisenziya uğrunda mübarizə aparırlar. Bu mübarizənin finişinə hələ 8 ay qalsa da, artıq onlardan bir qismi - atlet Dmitri Marşin (çəkicatma), taekvondoçular Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçu Soltan Migitinov (75 kq), güllə atıcısı İradə Aşumova (25 metr məsayə atəş açmaq), avarçəkənlər Valentin Demyanenko, Sergey Bezuqlı və Maksim Prokopenko cütü (hər üçü - kanoe), Aleksandr Aleksandrov, Natalya Mustafayeva (akademik avarçəkmə), pəhləvanlar Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq; yunan-Roma güləşi), Mariya Stadnik (48 kq; qadın güləşi), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74), Şərif Şərifov (84 kq), Cəmaləddin Məhəmmədov (120 kq; hamısı - sərbəst güləş), velosipedçi Yelena Çalax, bədii gimnast Aliyə Qarayeva vəsiqə qazanıblar. Cüdoçularımızdan olimpiya çempionu Elnur Məmmədli (81 kq), dünya çempionatının mükafatçıları İlqar Müşkiyev (60 kq) və Elxan Məmmədov (90 kq) da de-fakto Londona lisenziya əldə ediblər. Bunun ardının gələcəyinə şübhəmiz yoxdur. Ancaq indi idman ictimaiyyətini, azarkeşləri bir şey düşündürür: müstəqillik illərində ən böyük uğura sahib çıxmış Namiq Abdullayevin nailiyyətini təkrarlayan və ya onu keçən olacaqmı?

İndiki durumda bunu yalnız ən titullu idmançılarımız - Elnur Məmmədli ilə Zemfira Meftəhəddinova gerçəkləşdirə bilərlər. Hər 2 idmançının hesabında 1 olimpiya “qızıl”ı var. Əslində, stend atıcımız Afinada Namiqin birinciliyinə son qoya bilərdi. Təcrübəli snayper final mərhələsində 2-ci yer uğrunda mübarizədə son anda çinli həmkarına uduzaraq, “bürünc”lə kifayətləndi.
Mütəxəssislərin ehtimalına görə, qazanılmış medalların əyarı və sanbalı baxımından Londonda Abdullayevi, ilk olaraq, Məmmədli keçə bilər. Onlar bunu Elnurun yavaş-yavaş optimal hazırlıq formasına düşməsi və son zamanlar əldə etdiyi uğurlarla əlaqələndirirlər. Qeyd olunur ki, Zemfira hələ olimpiadada iştirak hüququna yiyələnməyib. Üstəlik, stend atıcımızın yaşı kifayət qədərdir və hazırda idman formasında deyil. Digər olimpiya çempionu Fərid Mansurov isə artıq idmançı karyerasını bitirib.
“İdman”ın statistik hesablamasına görə, Pekində gümüş mükafata layiq görülmüş yunan-Roma güləşçisi Vitali Rəhimov “dördilliy”ə lisenziya qazanıb, orada 1-ci yeri tutsa belə, medalların əyarı və sanbalı baxımından o, müasir sərbəst güləşimizin canlı əfsanəsini haqlaya bilməyəcək. Çünki əldə olunmuş olimpiya medallarında tarazlıq yaranarsa da, Namiqin mötəbər beynəlxalq arenalarda uğuru keyfiyyət baxımından daha yüksək və çoxdur.
Ötən ay İstanbulda güləşçilər arasında keçirilmiş dünya çempionatı bu istiqamətdə vəziyyəti yenidən dəyişdi. İndi Abdullayevin rekordunu qıracaq daha bir idmançı var. Bu, yunan-Roma güləşçisi Rövşən Bayramovdur. Pekində gümüş mükafata sahib çıxmış titullu pəhləvan, Türkiyənin mədəni paytaxtında Namiqin 15 ildə keçə bilmədiyi səddi aşdı - dünya çempionluğuna qovuşdu. Londona lisenziyanı özünə təmin edən Rövşən, orada baş mükafata yiyələnəcəyi halda, qazanılmış medalların əyarı, sanbalı və çoxluğu baxımından birinciliyi ələ keçirəcək.
Olimpiya mükafatçıları sırasında başqa idmançılarımız da var ki, onlar artıq karyeralarını başa vurub, mübarizə meydanından çəkiliblər. Bunlar Ağası Məmmədov, Mövlud Mirəliyev, Şahin İmranov, Vüqar Ələkbərov və Fuad Aslanovdur.
1. Namiq Abdullayev (sərbəst güləş) - olimpiya çempionu (Sidney-2000) və gümüş mükafatçısı (Atlanta-1996); dünya çempionatının 3 dəfə gümüş medalçısı (1994, 1998, 2002), 3-qat Avropa çempionu (1994-95, 2003)
2. Zemfira Meftəhəddinova (stend atıcılığı) - olimpiya çempionu (Sidney-2000) və bürünc mükafatçısı (Afina-2004); 2-qat dünya (1995, 2001) və 7-qat Avropa çempionu (1986-87-88, 1990, 1993, 1997, 2003)
3. Fərid Mansurov (yunan-Roma güləşi) - olimpiya (Afina-2004) və 2-qat dünya çempionu (2007, 2009)
4. Elnur Məmmədli (cüdo) - olimpiya çempionu (Pekin-2008); dünya çempionatının gümüş medalçısı (2007), 2-qat Avropa çempionu (2006, 2011)
5. Rövşən Bayramov (yunan-Roma güləşi) - olimpiya oyunlarının gümüş mükafatçısı (Pekin-2008); dünya çempionatının qızıl (2011), gümüş (2006) və bürünc medalçısı (2009), 2-qat Avropa çempionu (2007-08)
6. Vitali Rəhimov (yunan-Roma güləşi) - olimpiya oyunlarının gümüş mükafatçısı (Pekin-2008); dünya çempionatının 2 dəfə bürünc medalçısı (2009-2010), Avropa çempionu (2005)
7. İradə Aşumova (güllə atıcılığı) - olimpiya oyunlarının bürünc mükafatçısı (Afina-2004); dünya çempionu (1985) və 3 dəfə gümüş medalçısı (1985, 1998, 2002), Avropa çempionu (1985)
8. Xetaq Qazyumov (sərbəst güləş) - olimpiya oyunlarının bürünc mükafatçısı (Pekin-2008); dünya çempionu (2010) və gümüş medalçısı (2009), 3-qat Avropa çempionu (2009, 2010-11)
9. Mariya Stadnik (qadın güləşi) - olimpiya oyunlarının bürünc mükafatçısı (Pekin-2008); dünya çempionu (2009), 3-qat Avropa çempionu (2008-09, 2011)
10. Ağası Məmmədov (boks) - olimpiya oyunlarının bürünc mükafatçısı (Afina-2004); dünya çempionu (2003)
11. Mövlud Mirəliyev (cüdo) - olimpiya oyunlarının bürünc mükafatçısı (Pekin-2008); dünya çempionatının bürünc medalçısı (2003)
12. Şahin İmranov (boks) - olimpiya oyunlarının bürünc mükafatçısı (Pekin-2008); Avropa çempionatının gümüş mükafatçısı (2003, 2006)
13. Vüqar Ələkbərov (boks) - olimpiya oyunlarının bürünc mükafatçısı (Sidney-2000)
14. Fuad Aslanov (boks) - olimpiya oyunlarının bürünc mükafatçısı (Afina-2004)

Xəbər 2721 dəfə oxundu.