Azərbaycan klubu yürüşə Yeni Zelandiyadan başlayır
Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project"in yeni mövsümdə debüt edəcəyi yarış müəyyənləşib.

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komandamız 2014-cü il yanvarın 29-dan fevralın 2-dək Yeni Zelandiyanın Manavatu şəhərində keçiriləcək “Cycle Classic” veloyürüşündə mübarizə aparacaq.

Yeni yaranmasına baxmayaraq, “Synergy Baku” 2013-cü ildə Beynəlxalq Velosipedçilər İttifaqının xətti ilə keçirilən Avropa və Asiya turlarında üst-üstə 14 qələbə sevinci yaşayıb və bu üzdən, kollektivin adı Yeni Zelandiya turunda favoritlər sırasında çəkilir.

Komandanın meneceri David McQuaidın sözlərinə görə, Yeni Zelandiya turu öncəsi “Synergy Baku” Avstraliyanın Melbrun şəhərində təlim-məşq toplantısı da keçəcək. O həmçinin bildirib ki, heyəti yenilənmiş kollektivdə aparılan kadr dəyişiklikləri ilə əlaqədar gələn il komanda üzvlərinin orta yaşı 25-ə bərabər olacaq.

Qeyd edək ki, 2013-cü ildə müvafiq göstərici 27 yaş olub.

Xəbər 799 dəfə oxundu.