Prezident İlham Əliyev AIBA prezidentini və BOK-un üzvlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul edib.
Boks üzrə Dünya çempionatının ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı çempionatın uğurlu olacağına əminliyini ifadə etdi. Çempionata hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə təcrübəsi olduğunu vurğuladı. Bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev tədbiri ölkəmizlə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Bundan əvvəl yeniyetmələr və gənclər arasında dünya çempionatlarının Bakıda təşkil olunduğunun əhəmiyyətini vurğulayan Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Olimpiya oyunlarına lisenziya verən Boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Azərbaycan Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə idmana, o cümlədən idmanın boks növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Dövlətimizin başçısı Azərbaycan boksçularına göstərilən dəstəyə görə Beynəlxalq Boks Assosiasiyasına təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına hər cür şəraitin yaradıldığını vurğuladı. Gənclər arasında keçirilən Olimpiya oyunlarında Azərbaycanın boksçularının uğurlu çıxış etdiklərini xatırlayan dövlətimizin başçısı boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin idmanın bu növünə olan marağın daha da artacağına əminliyini bildirdi.

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

AzərTAc

Xəbər 3122 dəfə oxundu.