Voleybolçularımız italyanlara da uduzdular
Sentyabrın 23-də İtaliya və Serbiyada qadın voleybolçuların Avropa çempionatının final mərhələsinin oyunları başlayıb. Qitə çempionu adı uğrunda 16 komanda 4 qrupda mübarizə aparır. «B» qrupunda çıxış edən Azərbaycan millisinin rəqibləri İtaliya, Türkiyə və Xorvatiyadır.

Yarışların reqlamentinə görə qrupların qalibləri sonrakı mərhələyə keçmək haqqı qazanırlar. 2-3-cü yerləri tutan komandalar mübarizəni davam etdirmək üçün pley-offda yarışmalıdırlar.

Komandamız İtaliyada aşağıdakı heyətlə yollanıb: Parxomenko bacıları, Oksana Məmmədyarova, Natalya Məmmədova, Kseniya Kovalenko, Valeriya Korotenko, Polina Rəhimova, Dərya Zamanova, Aynur Kərimova Natəvan Qasımova, Oksana Ksilyova.

Azərbaycanın qadın voleybolçuları bununla 4-cü dəfədir ki, Avropa çempionatının finalında iştira edrlər. Komandamız 2005-ci ildə yarımfinalda İtaliya komandasına, 3-cü yer uğrunda mübarizədə isə Rusiya voleybolçularına məğlub olaraq 4-cü olub. 2007 və 2009-cu illərdə isə qızlarımız 12-ci yeri tutublar.

Qızlarımız ilk oyunda türkiyəli həmkarları ilə qarşılaşıblar. İlk setdə qələbə qazansalar da sonrakı setdə üstünlüyü əldən veriblər və yekunda 1:3 (25:23, 17:25, 19:25, 21:25) hesabı ilə məğlub olublar.

Digər qarşılaşmada isə İtaliya voleybolçuları Xorvatlara 3:0 (25:19, 25:20, 25:19) hesabı ilə qalib gəliblər.

Sentyabrın 24-də keçirilən 2-ci turun ilk qarşılaşmasında Türkiyə yığması Xorvatiyaya uduzub - 3:0 (25:21, 25:23, 25:20).

Bu dəqiqələrdə komandamız meydança sahibləri İtaliya yığması ilə görüşür. Oyun Bakı vaxtı ilə 23:30 –da başlayıb. İlk iki set eyni hesabla italyanların xeyrinə başa çatıb – 25:22, 25:22. Üçüncü setdə dönüş yaradan qızlarımız 25:21 hesabı ilə qalib gəliblər. Lakin bundan artığına gücləri çatmayıb və 4-cü set həlledici olub - 16:25. Beləliklə, ikinci oyunda da 1:3 hesabı ilə uduzan qızlarımız qrupda sonuncu pillədədirlər.

Xəbər 1311 dəfə oxundu.